“İxrac icmalı”nın oktyabr sayına əsasən, 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb. 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a verilən məlumata görə, müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.