Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu və bu qələbə xalqlarımıza güclü təkan, böyük həvəs verdi.
Bunu AzerTimes-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib.
B.Amreyev bildirib ki, Qarabağda işğal olnmuş ərazilərin azad edilməsi uğrunda müharibədəki qələbə sayəsində qardaş Azərbaycan türk dünyasının birliyinə böyük töhfə verdi: “Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu və bu qələbə xalqlarımıza güclü təkan, böyük həvəs verdi. Ədalət zəfər çaldı və Qarabağda qələbədən sonra Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artdı. Hələ qələbədən bir həftə əvvəl, noyabrın 2-də Türk Şurası ölkələrimizin ticarət-sənaye palatalarının rəhbərlərinin, eləcə də iş adamlarının görüşünü təşkil etdi. Noyabrın 2-də biz Bakıya gəldik və Prezident İlham Əliyevlə görüşdə şirkətlərimizin azad edilmiş ərazilərdə bərpa işlərində iştirakı məsələsini müzakirə etdik. Əlbəttə, bu elə də asan deyil, əvvəlcə əsas infrastrukturu bərpa etmək, layihələr hazırlamaq lazımdır”.