“BMT Baş Assambleyasının 76-cı sessiyasında dövlət və hökumət
başçıları səviyyəsində keçirilən yüksək səviyyəli tematik
müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin videoformatda etdiyi çıxış mahiyyət etibarı ilə
Azərbaycanın siyasi-diplomatik müstəvidə apardığı mübarizənin mühüm
tərkib hissəsidir. Ermənistanın işğal dövründə Azərbaycan
ərazisində törətdiyi ağır cinayətlər və bu əməllərdən yaranan ciddi
fəsadlar barədə məlumatlar, bütün bunlara görə Ermənistanın
məsuliyyətə cəlb olunmasına dair tələblə yanaşı, dövlət başçımızın
bu çıxışında Azərbaycanın bir çox istiqamətlərdə, o cümlədən
pandemiya ilə mübarizə sahəsində qlobal təşəbbüsləri, həçmçinin
ölkəmizin post-müharibə dövrü üçün artıq reallaşdırmağa başladığı
daxili və beynəlxalq layihələr və bir çox başqa vacib məsələlər
barədə ətraflı məlumatlar təqdim olunmuşdur.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin öz çıxışına
məhz COVİD-19 pandemiyası ilə qlobal mübarizə tədbirlərinin
müzakirəsi ilə başlaması bir daha onu göstərir ki, Azərbaycan təkcə
öz problemlərini deyil, eyni zamanda, bütün dünya ölkələrini
narahat edən ciddi problemləri düşünür və onların həlli
istiqamətində effektiv addımların atılması məqsədilə hər zaman
konkret, rasional təkliflərlə çıxış edir: “Prezident İlham Əliyevin
şəxsi təşəbbüsləri ilə Azərbaycan bu dövr ərzində bir çox iqtisadi
baxımdan zəif ölkələrə çox dəyərli yardımlar göstərmişdir. 2020-ci
ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə
sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti
özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz
tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları
həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla
mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib.
Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin
göndərilib. Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü
qlobal həmrəyliyin yaranması üçün vacib təşəbbüslərlə çıxış
edib.”
K.Qafarov Ermənistanın işğal dövründə Azərbaycan ərazisində
törətdiyi ağır cinayətlər, bu əməllərdən yaranan fəsadlar və bütün
bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasının vacibliyi
barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından
Prezident İlham Əliyevin çıxışının böyük əhəmiyyət kəsb etdiyini
vurğulayaraq deyib: “Prezident İlham Əliyev öz çıxışında 30 il
ərzində Ermənistanın işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər
və kəndləri qəsdən dağıtması, bütün mədəni və dini abidələri viran
qoyaraq, talayaraq, onları əsl urbisid – şəhərlərə qarşı genosid və
kultursid – mədəniyyətə qarşı genosid nümunələrinə çevirməsi barədə
ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı xüsusi olaraq qeyd
etmişdir ki, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda
dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9
şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib.
Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının
izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki,
onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan
azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa
bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın
işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan
edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib,
onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün
dünya müsəlmanlarına qarşı hörmətsizlikdir.”
Miilət vəkili qeyd edib ki, Prezident İlham Əliyev bu dəfə də öz
çıxışında Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və davamlı
inkişafa aparan yeganə yolu Ermənistana yenidən göstərmiş və eyni
zamanda da bu ölkədə revanşist əhval-ruhiyyələrini qızışdırmaq
məqsədi güdən qüvvələrə öz sərt mesajını çatdırmışdır: “Prezident
İlham Əliyev öz çıxışında beynəlxalq ictimaiyyətin də müsbət rol
oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün
Ermənistana müvafiq çağırış etməli olduğunu vurğulamışdır.
Dövlətimizin başçısı Ermənistanda revanşizmin və onun
silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi
cəhdlərinə son qoyulması tələbi ilə dünyada hələ də Azərbaycanın
Qələbəsini həzm edə bilməyən qüvvələrə öz mesajını bir daha
çatdırmışdır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb.
Artıq hər kəs bunu qəbul etməli və öz gələcək fəaliyyətini də məhz
bu reallıqları nəzərə almaqla planlamalıdır.”