İl-de-Frans regionunun rəhbəri, Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Valeri Pekresin Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfəri qeyri-qanuni olmaqla yanaşı, Fransa vətəndaşı üçün hüquqi məsuliyyət yaradır. Madam Pekresə xatırlatmaq istərdik ki, dövlət sərhədini keçən hər bir vətəndaş daxil olacağı ölkənin vizası ilə təmin olunmalıdır, əks halda, deportasiya cəzası ilə rastlaşır. Universal qanunlar hər kəs üçün hüquqi gücə malikdir və əgər Pekres özünü qanundan yüksəkdə görürsə, o zaman Fransanı Pekresin rəhbərliyi altında hansı fəlakətlər gözlədiyini Fransa xalqı indidən görməlidir. Onun bu cür məsuliyyətsiz hərəkətləri həm Fransa dövləti, həm də Fransa xalqı üçün üz qarasıdır. Bir ölkənin sərhədlərini qeyri-qanuni keçməyin sərhəd pozucusu üçün ağır nəticələri olur və madam Pekres bunu hələ də anlaya bilməyibsə, Fransa kimi ölkəyə rəhbərlik etmək üçün şanslarını da yəqin tam dəyərləndirə bilməyib.
Belə görünür ki, madam Pekres üçün hüququn aliliyi məfhumu mövcud deyil, nə olursa- olsun, ali məqsədinə çatmaq üçün Pekres istənilən dəyərləri ayaqlar altına atmağa hazırdır.
Prezident İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində Pekresin ərazimizə qanunsuz girişini təxribat xarakterli və prezident Makrona qarşı olan səfər adlandıraraq demişdi: “Həm müdafiə nazirimiz öz həmkarına dəfələrlə məktublar göndərib, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil… Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər… Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”.
Bu bəyanat, görünür, Pekresi pis vəziyyətdə qoyub və hüquqi dövlət olan Fransada öz addımına hüquqi dəstək ala bilməyəcəyinə qəlbində tam əmin olan xanım namizəd məsələ ətrafında hay-küy salaraq Fransa hökumətindən onu qorumağı xahiş edib.
Bir qrup anti-Azərbaycan və türkofob deputatın prezident Emanuel Makrona müraciəti isə təəccüb və hiddət doğurur. Azad Fransanın sərhədləri hər kəsin üzünə taybatay açıqdırmı? Fransa sərhəd keçid məntəqələri olmadan öz suverenliyini qoruyur? Qərəz dolu müraciətin onları məqsədlərinə çatdırmayacağı özlərinə də yaxşı bəllidir, sadəcə, qanunverici orqanda bu qədər zəif qanun bilgisi olan parlamentarilərin olması təəccüb doğurur. Bisavadsınız, yoxsa qərəzli?
Diqqətinizə çatdıraq ki, İl-de-Frans regionunun rəhbəri, Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Valeri Pekresin Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfəri ilk növbədə Fransa-Azərbaycan münasibətləri üçün təxribat kimi dəyərləndirilməlidir. Artıq Qarabağ münaqişəsi həll edildikdən sonra və Azərbaycanla Ermənistan arasında sülh prosesini aktiv fazada davam etdirmək üçün addımlar atılması istəyinin ortada olduğu halda, fransalı siyasətçi bu addımı ilə nəyi hədəfləyib?
2022-ci ildə Fransada baş tutacaq prezident seçkilərinin gərgin siyasi rəqabət şəraitində keçəcəyi proqnozlaşdırılır. Təəssüf ki, Fransanın 750 minlik erməni diasporunun dəstəyini qazanmaq üçün namizədlər dövlətlərarası münasibətləri belə korlamaqdan çəkinmirlər. Bundan əvvəl güclü siyasi rəqib hesab edilən Erik Zemmur da Ermənistana səfər etməyi özünə borc bilmişdi, lakin görünür ki, Azərbaycan ərazisinə qeyri-qanuni keçməyin qırmızı xətt olmasını anlayaraq, bu addımı atmaqdan çəkinmişdi.
Fransa Milli Assambleyasının keçmiş üzvü madam Pekres üçün, görünür, qanun müstəvisində qırmızı xətt mövcud deyil, onun üçün milli maraqlar deyil, nə olur-olsun, erməni diasporunun rəğbətini qazanaraq onların dəstəyindən yararlanmaq əsasdır. Prezident titulu uğrunda amansız siyasi mübarizəyə qoşulan madam Pekresə anlatmaq istəyirik ki, Azərbaycan ərazisinə qeyri-qanuni səfərlər hər şeydən öncə Fransa-Azərbaycan münbasibətlərini zərbə altına qoyur, regionun təhlükəsizliyinə təhdiddir, separatizmə dəstək isə elə Avropa ərazisində qəti şəkildə pislənilir.
Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyi və toxunulmazlığı isə ali vəzifə olaraq qalır.
Sevil Mikayılova,
Milli Məclisin deputatı