Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır

Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının
kəskin artmasına hazırdır.

Bunu Trend-ə müsahibəsində TRACECA-nın
Hökumətlərarası Komissiyasının Daimi katibliyinin daimi nümayəndəsi
(milli katib) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA hazırkı geosiyasi vəziyyətdə
2022-ci ildə Çindən Avropaya və geriyə Azərbaycan ərazisi ilə
konteyner yüklərinin daşınmasının əvvəlki illərlə müqayisədə 3-5
dəfə artacağını proqnozlaşdırır.

Milli katib onu da bildirib ki, bu gün Azərbaycanın nəqliyyat
infrastrukturunun bütün potensialı hələ də tam istifadə
olunmur.

“Məsələn, Bakı Beynəlxalq Dəniz Limanı ötən il təxminən beş
milyon ton yük qəbul edib, onun infrastrukturu isə 15 milyon tona
qədər, o cümlədən 100 min TEU konteynerini qəbul etməyə imkan
verir. Buna baxmayaraq, limanın ötürmə qabiliyyətinin 25 milyon ton
yük və 500 min TEU konteynerə qədər genişləndirilməsinin ikinci
mərhələsinə start verilib. İnfrastrukturun genişləndirilməsi üzrə
işlər yükdaşımaların artımına uyğun olaraq mərhələli şəkildə həyata
keçiriləcək”, – deyə R.Bayramov bildirib.

O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
kommunikasiyaların açılması Azərbaycan ərazisindən yük
daşınmalarının cəlb olunmasına kömək edəcək.

“Zəngəzur dəhlizi ölkəmizə təkcə Naxçıvanla deyil, həm də
Avropadan Mərkəzi Asiyaya, Çinə və əks istiqamətdə yeni yük
axınları üçün geniş imkanlar açır”, – deyə R.Bayramov bildirib.

Milli katib həmçinin qeyd edib ki, Azərbaycanda nəqliyyat
infrastrukturunun genişləndirilməsi istiqamətində planlı iş
aparılır.

“Avtomobil yolları çəkilir, beynəlxalq yükdaşımalarda iştirak
edən dəmir yollarının və limanların imkanları genişlənir.
Azərbaycanın nəqliyyat infrastrukturu yük axınının kəskin artmasına
hazırdır”, – deyə milli katib bildirib.