Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində (FOTO)

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən başlayaraq
martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30
illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri
keçiriləcək.

AzerTimes xəbər verir
ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində
“Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları
Moskva səhnəsində” adlı qala-konsert olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə
iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl musiqiçilərlə
görüşüb.

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə
keçirilən konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov,
Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov,
Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən
ibarət repertuar təqdim ediblər.

Azərbaycanın Xalq artisti Yusif Eyvazov jurnalistlərə
müsahibəsində deyib: “Hər birimizə təbrik düşür. Çünki bu, möhtəşəm
musiqi bayramıdır. Biz incəsənət xadimləri üçün burada iştirak
etmək şərəflidir. Azərbaycan ilə Rusiya arasında dostluq
münasibətləri hər sahədə inkişaf edir. Biz isə bu əlaqələrin daha
da inkişaf etdirilməsində yaxından iştirak etməyə hazırıq”.


Xalq artisti Elçin Əzizov möhtəşəm konsertin təşkil olunduğunu
bildirərək deyib: “Burada tanınmış, istedadlı insanlar toplaşıb.
Azərbaycan ifaçıları klassik rus bəstəkarlarının əsərlərini ifa
etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan
xoş münasibətini sərgiləmiş olurlar”.

Bu möhtəşəm səhnədə çıxış etməsindən böyük şərəf hissi duyduğunu
bildirən Xalq artisti Murad Adıgözəlzadə Moskvada Azərbaycan
günlərinin təşkilinin önəmini vurğulayıb.

Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka,
Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri
səsləndirilib.

Teqlər: