Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı hədəfləyirik – Haluk Görgün

Xəbər - Humay Ağacanova – Trend:

SİHA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ Zəfərin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu.

AzerTimes xəbər verir ki, bunu “Xalq” qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.

Qarabağ zəfərinin Türkiyə üçün də inanılmaz xoşbəxtlik verən hadisə olduğunu qeyd edən H.Görgün, başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu Zəfər üçün gördüyü hazırlığın sonda qalibiyyət gətirdiyini bildirib.

“Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə SİHA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ Zəfərin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu. Bizim Cumhurbaşkanımız son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türk ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur. İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir”, – deyə o qeyd edib.

H.Görgün bildirib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir.

“Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var. Gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkilinin, birgə məhsulların istehsalının reallaşacağına inanıram. Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik”, – deyə o vurğulayıb.

Teqlər: