Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev dövlət idarəetmə sisteminə yeni davranış modeli gətirdi – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev dövlət idarəetmə sisteminə yeni davranış modeli, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.

AzerTimes-ın məlumatına görə, bunu millət vəkili Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Bu gün yubileyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışmaqdan şərəf duyuram.

Qürurla vətədaşlığını daşıdığımız Azərbaycan regionda, eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazanmış və etibarlı tərəfdaş kimi qəbul edilən bir ölkədir, siyasi sabitlik, tolerantlıq, iqtisadi yüksəliş əldə etdiyimiz ən böyük nailiyyətlərdir. Bu möhtəşəm nəticə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı rassional, uzaqgörən daxili və xarici siyasi kursun sayəsində mümkün olub.

İlham Əliyevin prezidentlik dövrünü müxtəlif prizmalardan təhlil etmək olar, lakin MÜZƏFFƏR LİDER statusu onun qazandığı ən ali addır və bu ad şəxsiyyətin istənilən təsnifatından daha böyük çərçivədir.

Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev dövlət idarəetmə sisteminə yeni davranış modeli, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Bu dövrü yeni siyasi era kimi dəyərləndirə bilərik. Aparılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanda müsbət mənada fərqli, özünəməxsus milli mədəniyyətimiz və mentalitetimizlə uyğunlaşan dəyər və yaşam tərzi formalaşıb”, – S.Mikayılova deyib.

Millət vəkili qeyd edib ki, ölkəmiz dünyanın siyasi xəritəsində böyük nüfüz sahibidir.

“”Mənim sözüm imzam qədər qüvvətlidir” – deyə bəyan edən Prezident İlham Əliyev həm beynəlxalq siyasi müstəvidə, həm də iqtisadi sahədə öz qətiyyəti sayəsində bir sıra mühüm və həlli mürəkkəb layihələrin icrasına nail olub. Regional əhəmiyyətli təşəbbüslər qısa zaman kəsiyində beynəlxalq birliyin dəstəyini qazanaraq, coğrafiyasını genişləndirib.

Gənclər siyasəti Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindən biridir. Cəmiyyətin hərəkətverici qüvvəsi olan gənclərin vətənpərvər ruhda tərbiyə olunması Azərbaycan liderinin dövlət idarəetmə kursunun uğurudur. Prezident İlham Əliyevin arxasınca apardığı gənclik müasir, təhsilli, sağlam, dünyəvi düşüncəli, eyni zamanda mental köklərə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan üçün ən boyük xidməti isə zəfər təfəkkürlü gənc nəslin yetişməsi olacaq. Qalibiyyət qüruru övladlarımızın şüuruna əbədi hopacaq!

Müstəqil Azərbaycanın Zəfər salnaməsini yaratmış müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tarixin bütün sınaqlarından alnıaçıq çıxaraq işıqlı gələcəyini təmin edib. Prezident İlham Əliyevin qətiyyəti, praqmatizmi, dövlət idarəçiliyi istedadı ilə qət edəcəyimiz yüksəkliklər bundan sonra da firavan gələcəyimizi təmin edəcək. Bu aydın yolda Müzəffər Liderimizə tükənməz enerji, xalqımızın firavanlığı və məsud gələcəyi naminə fəaliyyətində daha uca zirvələr fəth etməyi arzulayıram!

Cənab Prezident, haqq və ədalətə söykənən ali missiyanın həyata keçməsində Uca Tanrı Sizə kömək olsun!”, – deyə millət vəkili çıxışını tamamlayıb.

Teqlər: