Azərbaycanın müstəqillyini tanıyan ilk respublika qardaş Türkiyə oldu – Oqtay Əsədov

1991-ci ildə Azərbaycanın müstəqillyini tanıyan ilk respublika qardaş Türkiyə oldu. Azərbaycan və Türkiyə arasında 14 yanvar 1992-ci ildə qurulan diplomatik əlaqələr bu gün daha çox qardaşlıq münasibətləri əsasında inkişaf edir. Bu gün Bakıda və Ankarada qardaş ölkələrin səfirlikləri ilə yanaşı, İstanbul və Qars şəhərlərində Azərbaycanın Baş Konsulluqları, Naxçıvan və Gəncədə isə Türkiyənin Baş Konsulluqlar fəaliyyət göstərməktədir.

Dünyada ayrı iki ölkə göstərmək olmaz ki, qardaşlıq münasibətləri Azərbaycanla Türkiyə arasında olduğu kimi inkişaf etsin. İllərin, əsrlərin sınağından çıxmış bu münasibətlər getdikcə daha da sıxlaşır, daha möhkəm təməllər üzərində inkişaf edir.

Bütün dünyaya örnək olan Azərbaycan-Türkiyə qardaşlığı hər bir kəlamında, addımında olduğu kimi, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu öndər Heydər Əliyevin isə “Bir millət, iki dövlət” sətirlərində də öz əksini tapıb.

Bu gün Azərbaycanla Türkiyə bütün konfranslarda, danışıqlarda, iclaslarda bir-birinə qarşılıqsız dəstək olur. Atılan hər addım Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişafına yönəlib. Bu inkişaf isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin mühüm nəticəsi, əməli göstəriciləridir. İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri xalqlarımız, eyni zamanda, dünya birliyi üçün də nümunədir.

Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin, inkişafın və həmrəyliyin qarantıdır. Türkiyə və Azərbaycan rəhbərliyi ölkələrimizi bir-birinə o qədər güclü tellərlə bağlayıb ki, bu birlik sarsılmazdır. Bu qardaşlıq, bu həmrəylik Azərbaycanın və Türkiyənin tarixi taleyi, bu günün reallığı və gələcəyin dəyişməz düsturudur.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedyi kimi, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri son zamanların ən yüksək zirvəsini yaşayır. Belə ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi misilsiz dəstək danılmazdır. İşğal olunmuş torpaqlarımızın ötən ilin sentyabrında əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi idi. Danılmaz faktdır ki, Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Qardaş ölkəyə bu dəstəyinə görə nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə mövqeyindən geri çəkilmədi. Azərbaycan və Türkiyə əlaqələri arasında əlaqələrin davamlı inkişafına bu iki xalqın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması şərait yaradır.

Bu gün Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri bütün sahələrdə yüksələn xətlə uğurla inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu qardaşlıq haqqındakı sitatınını xatırlamaq yerinə düşər: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir, aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Oqtay Əsədov,
Milli Məclisin deputatı

Teqlər: