Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq (FOTO)

Naxçıvan. Çingiz Səfərli – Trend:

“Badamlı” Mineral Sular Zavodu ixrac gücünü artırmağı hədəfləyir.

Bunu AzerTimes-a açıqlamasında zavodun direktoru Hümbət Qəhrəmanov deyib.

Onun sözlərinə görə, “Badamlı” mineral suları Avropa bazarlarına ixrac olunacaq. Hazırda lisenziya alınması üzrə işlər aparılır:

“Özbəkistan və Ukrayna bazarlarında artıq fəaliyyətlərimiz başlayıb. Bu yaxınlarda Kanadaya ilk ixracımızı həyata keçirdik. Hazırda 5 ölkəyə məhsul ixrac olunur. Bunlar Çin, Qazaxıstan, Rusiya, İraq, BƏƏ-dir. Çin, Rusiya bazarları prioritet bazarlardır”.

Direktor qeyd edib ki, “Badamlı” mineral sularının Rusiya bazarındakı payı ildən-ilə artır:

“Rusiya bazarı bizim üçün yad bazar deyil. “Badamlı” 80-90-cı illərin sonlarına qədər orada fəaliyyət göstərib və bilinən markadır. Minerallıq cəhətdən isə digər rəqib sulardan heç də geri qalmır. Hətta onlardan üstün olduğunu deyə bilərəm. Rusiya bazarında ildən-ilə bizim payımız genişlənir. Bu istiqamətdə bir çox işlər görürük”.

O bildirib ki, hazırda zavodun illik istehsal həcmi 150 milyon butulkadır:

“90-cı illərin sonlarına qədər “Badamlı” gündəlik 1 milyon ədəd ixrac gücünə malik idi. Hazırda biz o rəqəmə çatmaq üçün çalışırıq. 18 çeşiddə məhsulumuz mövcuddur. Gələcəkdə bunların sayını artırmağı da düşünürük”.

Qeyd edək ki, “Badamlı” suları 1947-ci ildən istehsal olunur. Hazırda zavodda 24 saat istehsal prosesi gedir.

Teqlər: