Azərbaycanın Los Ancelesdəki baş konsulu nüfuzlu Amerika yəhudi təşkilatlarının rəhbərləri ilə görüşüb

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Ancelesdə yerləşən bir sıra aparıcı yəhudi təşkilatlarının, o cümlədən Amerika Yəhudi Komitəsi, Simon Vizental Mərkəzi, İran Amerika Yəhudi Federasiyası və digər təşkilatların rəhbərləri və üzvlərilə, eləcə də tanınmış sinaqoqların rəhbərlərilə son bir neçə ay əzində çoxsaylı görüşlər keçirib.

Baş konsulluqdan AzerTimes-a verilən məlumata görə, 700 mindən çox yəhudinin yaşadığı Los Anceles dünyada Nyu York və İsraildən sonra yəhudilərin ən çox məskunlaşdığı yerdir. Azərbaycanın Los Ancelesdəki bu nüfuzlu icma ilə güclü dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.

Görüşlərdə Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Baş konsul Azərbaycan və Ermənistanın imzaladığı 10 noyabr bəyanatının regionda davamlı sülhə və barışığa gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Azərbaycan ilə İsrail arasındakı 30 illik dostluq əlaqələrindən bəhs edən N.Ağayev iki ölkənin enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər mühüm sahələrdə güclü əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Baş konsul həmçinin son illərdə Azərbaycan və İsrail xalqları arasında da əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, bu xüsusda pandemiyadan öncə təkcə 2019-cu ildə 40 min İsrail vətəndaşının ölkəmizə səfər etdiyini qeyd edib.

N.Ağayev ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyini bildirib. Baş konsul, ölkəmizdə 30 min yəhudinin müsəlman və xristianlar ilə tam harmoniya şəraitində yaşadığını, çoxlu sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzi və digər institutlara sahib olduğunu vurğulayaraq, Azərbaycanın dinlərarası sülh və multikulturalizm ənənələrinin qorunub saxlanmasına böyük önəm verdiyini söyləyib.

Təqdimatlardan sonra baş konsul N.Ağayev görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Teqlər: