2022-ci ildə Azərbaycanın kiberməkanına İrandan hücumlar olub və bu, Bakı-Tehran münasibətlərini daha da gərginləşdirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatında bildirilir.
Sənəddə deyilir ki, ötən il ölkənin səlahiyyətli qurumları 25 kiberhücumun mənşəyi ilə bağlı araşdırma aparıb. Bu hücumların 24-nün İran, 1-nin isə Niderland əsaslı olduğu üzə çıxıb. Beləliklə, kibertəhlükəsizlik məsələsi Azərbaycanın milli təhlükəsizliyi üçün ən ciddi narahatlıq və çağırışlardan birinə çevrilib.
“Hazırda ölkənin aidiyyəti strukturları İran, eləcə də Ermənistan və Rusiyadan qaynaqlanan potensial kiberhücumlara qarşı iş aparır. Kiberhücumlar barədə ilk öncə iqtidarda olan Yeni Azərbaycan Partiyasından (YAP) müraciət olunub. Araşdırma zamanı hakerlərin İP (İnternet Protokol) ünvanlarının İran mənşəli olması sübuta yetirilib. Bir ay sonra isə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL), eləcə də bir telekanalın internet səhifələrinin iranlı hakerlərin hücumuna məruz qalmasına dair xəbərlər yayılıb”, – hesabatda qeyd olunub.
Bundan başqa, sənəddə ölkənin kiberhücumlarla bağlı tarixçəsinə toxunulur və bildirilir ki, 2000-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytını, ABŞ-ın Bakıdakı səfirliyinin və bir sıra beynəlxalq təşkilatların saytlarını hədəfə alıb, rəsmi Bakıya, xüsusilə keçmiş Prezident Heydər Əliyevə qarşı düzgün olmayan və təbliğat xarakterli materiallar yerləşdirərək Qafqaz regionunda rəqəmsal münaqişələrin genişlənməsinin əsasını qoyub.
“2012-ci ilin yanvarında müəyyən xəbər agentliklərinin internet saytları da dövlət əleyhinə fikirlərin yayılması məqsədini güdən hücuma məruz qalmışdı. Digər bir araşdırmaya əsasən, “Staksnet” (Stuxnet) adlı “kompüter qurdu”nun hücumu dünyanın bir çox dövlətlərini təsirə məruz qo duğu kimi Azərbaycan ictimaiyyətinin diqqətini kibertəhlükəsizliklə bağlı məlumatlılıq mövzusuna cəlb edib. “Staksnet” əsasən İrandakı kompüter şəbəkələrinə qarşı yönəlmişdi, lakin Azərbaycan daxil olmaqla bir sıra digər ölkələrdə də aşkarlandı. Şübhəsiz ki, effektiv əks-tədbirlərlə operativ reaksiya nəticəsində bu “kiber-raket”in (“cyber-missile”) yaratdığı ziyan məhdudlaşdırılsa da, “Staksnet” hadisəsi Azərbaycanda kiberməkanın mövcud müdafiə vasitələrinə xəbərdarlıq mahiyyəti daşıdı”, – hesabatda bildirilib.