Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsullarının siyahısı açıqlanıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsullarının siyahısı açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında qeyd olunub.

Bildirilib ki, 2021-ci ilin mart ayında Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 170 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü ( 9,7 milyon ABŞ dolları) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon ABŞ dolları) üçüncü olub.

2021-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon ABŞ dolları təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir.

Twitter: @JeyhunAlakbar

Teqlər: