Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinin planları açıqlanıb

BƏƏ kapitallı şirkət olan “Expert Services FZE” MMAZM tərəfindən
Ağdam Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət
mərkəzinin təşkili layihəsi həyata keçiriləcək.

Bunu Trend
müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların
İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən
Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Ağdam və “Araz Vadisi İqtisadi Zonası”
sənaye parkları gələcəkdə bölgənin sənaye potensialının inkişaf
etdirilməsində və doğma yurd-yuvasına qayıdacaq soydaşlarımızın
işlə təmin edilməsində mühüm rol oynayacaqlar.

“2021-ci ilin 28 mayında dövlət başçısının Fərmanı ilə 190
hektar ərazidə yaradılan Ağdam Sənaye Parkında işlər mərhələli
şəkildə və plana uyğun olaraq həyata keçirilir. Sənaye Parkının
ərazisi tam olaraq minalardan və partlamamış sursatlardan
təmizlənib, mobil tipli şəhərcik yaradılıb. Mobil şəhərcikdə
rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi,
mağaza, aptek və yeməkxana təşkil edilib, əraziyə asfalt yol
çəkilib, abadlıq işləri aparılıb”, – deyə E.Nuriyev bildirib.

Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, hazırda parkın 9
rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon
manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş
yerinin yaradılması nəzərdə tutulur.

“Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik
dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji
mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin
və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi
geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif
metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı
və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri
həyata keçiriləcək. Yaxın günlərdə Sənaye Parkında infrastrukturun
qurulması işlərinə başlanılacaq”, – deyə E.Nuriyev bildirib.

Onun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkının hazırda bir rezidenti var.

“2021-ci ilin 4 oktyabrında yaradılan “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın ərazisi
minalardan tam təmizlənib. Hazırda Sənaye Parkında rezidentlər üçün
mobil tipli şəhərciyin qurulması istiqamətində işlər görülür,
işlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır. Parka
sahibkarlar tərəfindən maraq böyükdür və Sənaye Parkının rezidenti
olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə bir çox
layihələr təqdim edilib, bu layihələr hazırda Agentlikdə
dəyərləndirilir”, – deyə E.Nuriyev əlavə edib.

Teqlər: