Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir
çox avtomobil istehsalı şirkətləri ilə əməkdaşlıq edən, beynəlxalq
müsabiqələrdə yüksək nailiyyətlər qazanan, Azərbaycanın ilk peşəkar
maşın dizayneri Samir Sadıxovun gənclərlə görüşü keçirilib.
İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə keçirilən
görüşdə Universitetin Dizayn ixtisası üzrə təhsil alan tələbələri
iştirak edib.
Mərkəzinin direktoru Fərid Kərimov görüşü açıq elan edərək
dəvəti qəbul edib tələbələrlə görüşə gələn S.Sadıxova təşəkkürünü
bildirib. F.Kərimov İtaliya-Azərbaycan Dizayn Mərkəzinin dizayn
sahəsində aparıcı mütəxəssislər, eləcə də digər tanınmış şəxslərlə
silsilə görüşlər layihəsinə bu gün etibarilə start verildiyini
bildirib.
Daha sonra S.Sadıxov peşəkar və yaradıcı fəaliyyəti, keçdiyi
həyat yolundan, dizayn sahəsində beynəlxalq təcrübələrindən
danışıb. Elm-təhsil, intellektual inkişafla bağlı müxtəlif
tövsiyələr verib və layihələrini nümayiş etdirib.
Diskusiya formatında davam edən görüş zamanı çağdaş dizayn
yenilikləri barədə fikir mübadiləsi aparılıb. Tələbələri
maraqlandıran suallar S.Sadıxov tərəfindən cavablandırılıb.