Xəbər - Trend
İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli
texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına
müzakirələr üçün bir sıra mövzular təqdim edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “The Washington Post”
qəzetində dərc olunan məqalədə deyilir.
“Rusiya tankları məğlubiyyətə uğrayır. Müasir döyüş meydanında
onlara yer varmı?” adlı məqalədə müəllif yazır ki, Rusiya-Ukrayna
münaqişəsi hazırda davam etdiyi üçün hər hansı bir yekun fikir
bildirmək hələ tezdir.
“Amma bu günədək gördüklərimiz artıq hərbi dairələrdə
müharibələrin aparılması məsələləri barədə davam edən müzakirələrdə
yeni arqumentlər ortaya çıxarır. Bu, xüsusilə də, döyüş
əməliyyatları zamanı tankların istifadəsinin aktuallığı barədədir”,
– müəllif bildirir.
Qeyd olunur ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində
“Bayraktar TB2” PUA-larının və İsrail istehsalı olan döyüş
sursatlarının istifadəsi Azərbaycan üçün çox səmərəli oldu.
Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan müharibəsi zirehli
texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına
müzakirə üçün çoxlu mövzular verdi.
“Başlıca müzakirə mövzularından biri o idi ki, dronların dəqiq
zərbələri ilə tankların məhv edilməsi zirehli texnikaların
istifadəsinin sonunu ifadə edir, yoxsa pis müdafiə olunan zirehli
texnikanın nə ilə üzləşə biləcyinin nümunəsidir?” – məqalədə qeyd
olunur.
Müəllif qeyd edir ki, artıq bəzi şəxslər tank və zirehli
transportyorların köhnəldiyini bəyan edir. Onlar həddən çox bahadır
və tank əleyhinə vasitələr və dronlarla çox asan məhv edilir.
“VICE News” nəşrində yer almış digər məqalədə də Azərbaycan
tərəfindən İkinci Qarabağ müharibəsi zamanı dronların uğurlu
istifadəsi vurğulanır.
“Müharibə vaxtı Azərbaycan qoşunları dronların tətbiqi ilə
Ermənistan texnikasını uğurla məhv edirdi”, – məqalədə
vurğulanır.
(Tərcümə: Orxan Nəbiyev)