Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

Martın 7-də Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək
güləşçilər arasında Avropa çempionatı start götürüb.

AzerTimes-ın
məlumatına görə, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə
millimizin 4 üzvü çıxış edib.

Mübarizəyə dörddəbir finaldan qoşulan Ziya Babaşov (63 kq)
israilli Abere Feteneyə 9:2 hesabı ilə qalib gələrək yarmfinala
yüksəlib. Güləşçimizin yarımfinalda rəqibi bolqarıstanlı İlya
Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Z.Babaşov
rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa
çempionatının finalına adlayıb. Təmsilçimiz martın 8-də həlledici
görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşacaq.

Güləşçimiz Xasay Həsənli (77 kq) ilk mərhələdə yerli idmançı
Martin Dimitrovu tam üstünlüklə məğlub edib – 9:0. Həmyerlimiz
dörddəbir finalda macarıstanlı Kriştofer Klanyiyə də heç bir şans
tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. X.Həsənli
yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1
hesabı ilə xalçadan məyus yola salan güləşçimiz finala yüksəlib.
Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit
Soloqaşviliylə mübarizə aparacaq.

Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) təsnifat
mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla
bacarmayıb – 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün L.Vəliyev
martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə
çıxacaq.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə dörddəbir finaldan
qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı
inamlı qələbə ilə (13:5) yarımfinala vəsiqə əldə edib. S.Məmmədov
finala çıxmaq uğrunda türkiyəli Fatih Bozkurtla qüvvəsini sınayıb
və görüşdən məğlub ayrılıb – 6:13. S.Məmmədov martın 8-də
Yunanıstan təmsilçisi Nikolaos Ntuniasla üçüncü yer üçün
güləşəcək.

Teqlər: