Azərbaycanın idman tədbirlərinə ev sahibliyi etməkdə böyük təcrübəsi var – Belarusun idman və turizm naziri

Bakıda batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Azərbaycan irimiqyaslı idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməklə bağlı böyük təcrübəyə malikdir. Bu təcrübə digər ölkələrə nümunədir.

AzerTimes-ın məlumatına görə, bunu Belarusun idman və turizm naziri Sergey Kovalçuk Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatı çərçivəsində noyabrın 20-də Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında deyib.

Belaruslu nazir deyib ki, Azərbaycan ilk Avropa Oyunlarını möhtəşəm təşkil etməklə dünya idman tarixində yeni səhifə açdı. İkinci Avropa Oyunları isə Belarusda keçirildi və gərgin idman mübarizəsi ilə yadda qaldı. Bu uğurların qazanılmasında əsas səbəb Azərbaycanda güclü idman infrastrukturunun mövcudluğudur. Hazırda dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası çox möhtəşəmdir. Gələcəkdə belaruslu gimnastların burada təlim-məşq toplanışında iştirak etməsi üçün həmkarım Fərid Qayıbov ilə müzakirələr aparmışıq.

Azərbaycan ilə Belarus arasında idman sahəsində mövcud əməkdaşlıqdan danışan S.Kovalçuk bildirib ki, Belarus qış idman növlərinin inkişaf etdirilməsində böyük təcrübəyə malikdir: “Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə müzakirələrim zamanı gələcəkdə bu təcrübənin ölkənizdə tətbiqi barədə fikir mübadiləsi apardıq. Təbii ki, Azərbaycanın da təcrübəsindən yararlanacağıq. Bəzi idman növləri var ki, onlar ölkənizdə çox inkişaf edib. Qarşılıqlı əməkdaşlıq hər iki ölkədə idmanın inkişafına töhfə verəcək”.


Adətən Olimpiya Oyunlarından sonra dünya çempionatında titullu idmançıların iştirak etmədiklərini vurğulayan nazir deyib: “Ancaq Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında ən güclü və titullu idmançılar mübarizə aparırlar. Belarus idmançıları artıq Bakıda mükafatçılar sırasında yer alıblar. Ümumiyyətlə, Belarusda batut gimnastikası ilə bağlı böyük ənənə var. Belaruslu gimnastlar Olimpiya Oyunlarında dəfələrlə mükafatçılar sırasında yer alıblar”.

Azərbaycanlı həmkarı F.Qayıbov ilə görüşün məhsuldar keçdiyini bildirən S.Kovalçuk ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və gələcək planlar barədə də müzakirələr aparıldığını vurğulayıb.

Teqlər: