Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən
qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya,
çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi
məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş
Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi
yayılıb.

Bu barədə AzerTimes-a
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı
dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət
göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım
adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə
etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi
və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın
suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror
fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi
vurğulanır.

Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai
mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən
müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları
tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və
bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin
ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd
edilir. Qeyd olunan fakt Ermənistan Baş nazirinin 21 aprel 2021-ci
il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət
büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapmışdır.

Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu
“Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu
cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan
liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli
Bəyanatdan sonra da davam etdirilməkdədir.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının
ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə
qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla
yanaşı, müvafiq erməni diaspora təşkilatlarının qeydiyyatda olduğu
ölkələrin milli qanunvericiliklərinin, eləcə də çirkli pulların
yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə
pozulmasıdır.

Bununla əlaqədar, Xarici İşlər Nazirliyi, bütün BMT üzv
dövlətlərini öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu cür qanunsuz
fəaliyyətlə məşğul olan qurumlara münasibətdə öz beynəlxalq
öhdəlikləri çərçivəsində səmərəli əks tədbirlər görməyə
çağırır.

Teqlər: