Azərbaycanın hava limanları ilin əvvəlindən 900 minə yaxın sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən
ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərib. Bu, 2021-ci
ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
2022-ci ilin aprel ayında sərnişin axını 247,5 min nəfər təşkil
edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan
və ya gələn sərnişinlərin payına düşür.

Bakı hava limanının əsas aviadaşıyıcıları olan “AZAL” və “Buta
Airways” aviaşirkətləri – müvafiq olaraq 350 və 114 min sərnişin
daşımışdır ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin
ümumi payının 51% – ni təşkil edir.

2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava
limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının
azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata
keçirməsinin dayandırılması ilə bağlıdır.

Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul,
Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi
və Aktau şəhərləri daxil olublar.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) —sərnişin və yük
daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal
kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə
Azərbaycanın və regionun ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”
beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava
limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji
təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülmüşdür.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının
yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda
tətbiq olunan COVİD-19 tədbirlərinin səmərəliliyinin ən yüksək
qiymətləndirilməsidir.

Teqlər: