Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən
yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində
Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib.
AzerTimes xəbər verir ki, Xarici
İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla
Abdullayeva KİV-in “Azərbaycan tərəfi iki dövlət arasında
münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza
prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh
danışıqları ilə bağlı Minsk Qrupunun həmsədrlərinə müraciət
etdiyini bildirib. Ermənistanı müəyyən addımlar atmağa vadar edən,
bu baza prinsipləri barədə daha ətraflı məlumat əldə etmək olarmı?”
sualını cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, Xarici işlər naziri Ceyhun Bayramov Antalya
Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası
mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində
ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi
imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən
bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən
buna qarşılığın verilmədiyi qeyd edilib. Məlumat verildiyi kimi,
növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət
arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair
təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada
iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş
baza prinsipləri əks olunub:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü,
beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini
qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının
qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın
qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə
hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı
hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin
məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik
münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq
kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər
sahələrdə əməkdaşlığın qurulması.
Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri
əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar
apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.