Azərbaycanın ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid məsələ deyil – XİN

Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı
tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin
iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil.
Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və
yolverilməzdir.

XİN Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bunu
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın Şuşa şəhərində
keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı
Ermənistan XİN-in etiraz bildirməsi ilə bağlı vurğulayıb.

“Ermənistan XİN-in yaydığı məlumata əsasən, bu ilin 18 mart
tarixində Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə
həsr olunmuş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı
BMT-nin Ermənistandakı nümayəndəsi XİN-ə çağırılıb və ona etiraz
bildirilib.

Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı
tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin
iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil.
Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və
yolverilməzdir.

Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını
nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın
beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh
quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey
deyildir.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın
əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər,
digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi
bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe
sərgiləməyib, əksinə Baş Assambleya və Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu”
bərpa etməyə çağırması aydın deyil.

Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki
post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün
bir o qədər faydalı olar”, – Leyla Abdullayeva bildirib.

Teqlər: