Xəbər - Elnur Bağışov – Trend:
Azərbaycanın enerji, o cümlədən qaz hasilatı və elektrik istehsalı sahəsində alqışalayiq çoxlu fəaliyyətləri olub.
AzerTimes-ın məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib.
Ə.Mehrabianın sözlərinə görə, İran və Azərbaycanın su və enerji sahələrində münasibətləri uzun keçmişə malikdir. İki ölkənin sərhəd çayları üzrə davamlı dialoqla birgə potensiallardan maksimum istifadə etmək lazımdır.
İranlı nazir bildirib ki, Azərbaycan və İran iqtisadi mübadilələri, o cümlədən su və enerji sahələrində münasibətləri daha da inkişaf etdirə bilərlər. Araz çayı üzərində “Qız Qalası”, “Xudafərin” hidroqovşaqları və su elektrik stansiyalarının təkmilləşdirilməsi diqqət mərkəzindədir. Son məlumatlara görə, su elektrik stansiyalarının avadanlıqları satın alınıb və məkana nəql olunub.
“İran Azərbaycanla elektrik mübadiləsinin davam və inkişaf etdirilməsinə hazırdır. Bununla yanaşı, İran, Azərbaycan və Rusiya arasında elektrik mübadiləsi haqda araşdırmalar başa çatıdırılıb. İran bu ölkələrlə elektrik şəbəkələrinin sinxronlaşdırılması sahəsində əməkdaşlıqların başlanmasına hazırdır. Üç ölkənin yay və qış fəsillərində elektrik istehlakı üzrə pik vaxtlarının fərqli olduğunu nəzərə alaraq elektrik tranzitinin müxtəlif formalarda artırılması mümkündür”, – deyə o bildirib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə qeyd edib ki, Azərbaycan İranla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. İki ölkənin enerji sahəsində sıx əməkdaşlıqları var. Bu istiqamətdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlər başa çatdırılacaq.
Qeyd edək ki, Azərbaycanla İran sərhədində Araz çayı üzərində “Qız Qalası” və “Xudafərin” hidroqovşaqları 1,6 milyard kubmetrdən çox su tutumuna malikdir. Həmçinin, Su Elektrik Stansiyalarının ümumi qoyuluş gücü 280 MVt gücündə olacaq. Bu hidroqovşaqlar və su elektrik stansiyaları Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq.