Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın
diqqətində və marağında olub. Amma reallıq budur ki, 1993-cü ildə
ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi
mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan
dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı.
Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin
iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici
amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş,
Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin
müqaviləsi”nin imzalanmasından ötən 28 ilə yaxın dövrdə ölkəmizin
enerji sektorunda qazandığı uğurların miqyasına diqqət yetirməklə
Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin
təmin olunmasına töhfələrinin aydın mənzərəsini yarada bilərik.
Qədim dövrlərdən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni
zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz
qazanmaqdadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi
ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu. Bu
layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin
dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil
ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın
başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin
perspektivlərindən, Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən
mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin
təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu
mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Enerji
layihələrinin coğrafiyasının genişləndirilməsi, yeni-yeni
layihələrin gündəmə gətirilərək onların siyasi və iqtisadi
əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə, dünya
birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət
təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün
əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə
olduğu kimi, enerji sektorunda da liderliyinin özünü qabarıq
şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlət başçısı
İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa
iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü
barədə səsləndirdiyi fikirlər də bugünümüzün reallıqlarına
söykənir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bu
günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik
Stansiyasının perspektivləri ilə bağlı AzerTimes-a açıqlamasında
bildirib.
“Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin
imzalanmasına yol açdı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın
başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı,
onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi
kimi mühüm qlobal hadisələr enerji tariximizi daha da
zənginləşdirdi” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu gün
Azərbaycan neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi
ixrac edən ölkədir: “Azərbaycanda elektrik enerjisinin ixracı
baxımından böyük potensial var. Hər bir yeni stansiyanın inşa
olunması ixrac imkanlarımızı daha da genişləndirir. Atılan hər bir
addım, eyni zamanda, şirkətlərin məxsus olduğu ölkələr arasında
əlaqələrin inkişafının təqdimatıdır. Qaradağ Günəş Elektrik
Stansiyasının inşasını həyata keçirəcək “Masdar” şirkəti Birləşmiş
Ərəb Əmirliklərini təmsil edir. Bu ölkə ilə Azərbaycan arasında
iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir.
Dövlət başçısı İlham Əliyev Bakının “Gülüstan” sarayında keçirilən
təməlqoyma mərasimində ölkələrimizin bərpaolunan enerji istehsalı
sahəsində də əməkdaşlığa start vermələrindən məmnunluğunu
bildirərək bu əminliyi ifadə etmişdir ki, yaxın gələcəkdə Qaradağda
bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Birləşmiş Ərəb
Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al
Mazrouel Azərbaycanın bərpaolunan enerji planlarını enerji
siyasətinin mühüm hissəsinə çevirmək istəyini alqışlayaraq
ölkəmizin 2030-cu ilə qədər bu sahədə quraşdırılmış güclərin 30
faizə qədər artırılması kimi mühüm məqsədləri qarşıya qoymasından
məmnunluğunu ifadə etmişdir. Təbii ki, bu əməkdaşlıqda əhəmiyyətli
rol oynayan amillərdən biri də ölkəmizin investisiya
cəlbediciliyini qorumasından irəli gəlir. Azərbaycan investisiya
cəlb etməklə yanaşı, eyni zamanda, investisiya yatıran ölkədir. Son
18 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara
yaxın vəsait yatırılıb. Bu rəqəm, təbii ki, Azərbaycanın bugününə
və gələcəyinə inamdan irəli gəlir.”
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ötən
hər bir il enerji sektorunda qazanılan uğurların zənginliyi ilə
diqqət çəkir: “Baxmayaraq ki, cari ilin iki ayını arxada qoymuşuq
artıq indidən inamla söyləyə bilərik ki, energetika sahəsində çox
önəmli addımlar atılıb. Belə ki, ötən yanvar ayında Səudiyyə
Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240
meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral
ayında “Azərenerji” ASC tərəfindən inşa edilmiş 385 meqavat gücündə
elektrik stansiyasının açılışı oldu. Ümumilikdə bərpaolunan enerji
növlərinin inkişafı hazırda ölkəmiz üçün prioritet məsələdir.
Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə
əməkdaşlıq etməkdə maraqlıdırlar. Böyük potensial işğaldan azad
edilmiş ərazilərdədir.”
“Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan
Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün
təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün
səviyyələrdə xüsusilə vurğulanır” söyləyən Vüqar Rəhimzadə bildirib
ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası
Azərbaycanın davamlı inkişafının əsasına çevrilib: “Bu fikir hər
zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o
sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Lakin Azərbaycanda
neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib
hazırlanması uğurlarımızın davamlılığına stimuldur. Neft
gəlirlərinin düzgün idarə olunması əhalinin sosial müdafiəsinin
təminatında əhəmiyyətli rol oynayır. Hazırda paytaxt və bölgələrdə,
artıq azadlığına qovuşmuş torpaqlarımızda mühüm sosial-iqtisadi
layihələr həyata keçirilir. Geniş miqyas alan bərpa və quruculuq
işləri ölkəmizin öz maliyyə vəsaitləri hesabına aparılır. Dövlət
başçısı İlham Əliyev qeyd olunan təməlqoyma mərasimində
Azərbaycanın hazırkı dayanıqlı iqtisadi inkişafını sosial-iqtisadi
göstəricilər əsasında diqqətə çatdırmışdır. Təkcə bu ilin iki
ayının göstəricilərinə diqqət yetirməklə qarşıdakı dövrün aydın
mənzərəsini təqdim edə bilərik. Ümumi daxili məhsul 6,7 faiz,
qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən
21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə aparılan
islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin
yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində
doğrudan da təqdirəlayiq addımlar atılır. Dövlət başçısı bu məqamı
da xüsusi qeyd edir ki, Azərbaycan dünya miqyasında xarici dövlət
borcu çox aşağı səviyyədə olan ölkələr sırasındadır.”
YAP Xətai rayon təşkilatının sədri günümüzün uğurları sırasında
yer alan bu mühüm məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hazırda
dünya miqyasında yalnız investisiya yatırılan deyil, eyni zamanda,
investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır: “Hazırkı
dövrdə prioritet məsələ azad edilmiş torpaqlarda bərpa və quruculuq
işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır.
Sonrakı mərhələdə bu ərazilərimizin malik olduğu potensialdan
səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu
Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaradılacaq.
Qarabağımız böyük investisiyalar məkanına çevriləcək”.