“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya
enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və
onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün
perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Almaniyanın Külək Enerjisi Assosiasiyası, Enerji Agentliyi-DENA,
Şərqi Biznes Assosiasiyası və Sənayelər Federasiyasının
təmsilçilərinin qatıldığı dəyirmi masada energetika naziri Pərviz
Şahbazov çıxış edib.
Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşı olan
Azərbaycanla ticarət dövriyyəsinin ötən il 57% artığını vurğulayan
nazir iki ölkə arasındakı əməkdaşlığın yeni istiqamətlər üzrə
inkişafı üçün perspektivlərdən bəhs edib. Bildirilib ki, uzunillik
münaqişəyə son qoyulması bölgəyə investisiyaların axını üçün əsas
zəruri şərtlərdən olan təhlükəsizliyi tam təmin edib. Xüsusilə, həm
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, həm də
ümumən ölkə ərazisində bərpa olunan enerji mənbələrindən geniş
istifadə ölkə üçün milli prioritetlərdən biri kimi müəyyənləşib.
Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın
potensial və məqsədləri ilə Almaniya şirkətlərinin zəngin təcrübə,
eləcə də mümkün investisiya imkanlarının vəhdəti enerji
əməkdaşlığında yeni səhifə aça bilər.
Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan böyük neft-qaz
resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas
məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl
enerji”nin ixracatçısına çevrilməkdir: “Hazırda həyata keçirilən
iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin
quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq zəngin
potensialını, həmçinin Avropaya elektrik enerjinin ixracının
artırılmasını təmin edəcək iki yeni xəttin çəkilməsi ilə bağlı
planları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanın “yaşıl
enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür. Bu, həm də
Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə
şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu
istiqamətdə uzunmüddətli enerji əməkdaşlığımızda Almaniyadan olan
şirkətlər mühüm tərəfdaşlarımız ola bilərlər.”
Tədbirdə enerji sahəsində VPC, “Siemens, “Berlin Wind” və digər
alman şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub.
Həmçinin Almaniya Enerji Agentliyi-DENA ilə Azərbaycanda
mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək
çərçivəsində 4 pilot layihə təklifinin hazırlanması üzrə məhsuldar
əməkdaşlıq edildiyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi
üçün Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka
dəvət edilib.
Dəyirmi masada şirkətləri maraqlandıran məsələlərə aydınlıq
gətirilib, perspektiv layihələr barədə məlumatlar verilib və
əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.