Azərbaycanın ən yaşlı sakini yenə də bu qadın oldu

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin ən yaşlı sakini yenə də Lənkəran rayonu Sütəmurdov kəndinin 1918-ci il təvəllüdlü sakini Mirzadə Cabbarova olub.

Bunu AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişdikdən sonra M.Cabbarova Azərbaycanın ən yaşlı sakini olub.

U.Həşimova bunu da əlavə edib ki, onların yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) məqsədilə apardıqları tədqiqat bütün ölkəni əhatə etməyib. Bu tədqiqat ölkənin əsasən, cənub bölgəsini əhatə edir.


Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi və onun real yaşının 95 olduğu məlum olub.

Teqlər: