Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı həyata keçirdiyi layihələri dəstəkləyirik.
AzerTimes-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva əlilliyi olan şəxslərin beynəlxalq günü münasibəti ilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, hökumət qurumları çalışırlar ki, onlar layiqli işlə təmin olunsunlar.
“Qarabağ müharibəsindəki qazilərin və əlil qadınların problemlərinin həlli istiqamətində də işlər aparılır. 2019-cu ildən başlayaraq birgə özünüməşğulluq layihələri həyata keçirilir. UNİCEF də əlilliyi olan uşaqlar üçün layihələr icra edib. Keçən il təxminən 10 min müəllim inklüziv təhsillə bağlı treyninqlərə cəlb edilib. Əzmlə davam etməliyik ki, insanlar inklüziv cəmiyyətdə yaşasınlar. Həm hökumət, həm qeyri-hökumət təşkilatları bu sahədə fəaliyyətlərini artırmalıdırlar ki, əlilliyi olan şəxslər layiqli işlə təmin edilsinlər”.
Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.