Azərbaycanın daha böyük uğurları və nailiyyətləri hələ qarşıdadır – Səttar Möhbalıyev

“Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində zaman-zaman müdrik qərarlar qəbul edib. Seçimində heç vaxt yanılmayıb, qurub yaratdığı dövlətlər, seçdiyi liderlər qədim dünyanın, orta əsrlərin, müasir tarixin qəhrəmanlıq səlnaməsinə, ədalət rəmzinə çevrilib. Bu gün də yaşadığımız parlaq tariximiz məhz xalqımızın sərrast seçimidir. Arzuladığımız xoşbəxt gələcəyi yaşayırıq, həmin gələcək bax bu gündür, xalqımızın əzəmətli təfəkkürünün məhsulu. Bəzən xalqımız seçdiyi liderlərin üzərinə daha böyük məsuliyyət qoyub, öhdəsindən çətin gələ bilinəcək işlər tapşırıb. Həmin liderlərdən biri, bəlkə də, birincisi xalqın ulu öndərinə, ümummilli liderinə çevrilmiş, yeni dövlət yaratmış, dövlətlər sırasına çıxarmış, xalqına xoşbəxt və firavan həyat bəxş etmiş tarixi strateq Heydər Əliyevdir. Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri göz qabağındadır, bu xidmətləri hər bir azərbaycanlı öz həyatında hiss edir və görür, həmin xidmətləri sadalamaqla bitirmək olmaz. 2003-cü ildən bu yana Azərbaycanın qazandığı uğurların kökündə də məhz ulu öndər Heydər Əliyev dayanır. 2003-cü il oktyabrın 1-də “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram” deməklə bir bütövə çevirdiyi xalqına seçimində düzgün istiqamət verdi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ulu öndərin peyğəmbərcəsinə, uzaqgörənliklə və əminliklə xalqa dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri bu gün realdır. İlham Əliyev xalqın ondan istədiklərini, xalq qarşısında götürdüyü bütün öhdəlikləri içdiyi andına sadiq qalaraq verdiyi sözü tutmaqla ləyaqətlə yerinə yetirdi. Bu gün o, ulu öndərin böyük zəhmət bahasına müəyyən etdiyi, Azərbaycanın hərtərəfli inkişafına və xoşbəxt gələcəyinə hədəflənmiş siyasi kursunu şərəflə davam etdirir. Fəaliyyətinin qayəsini xalqa və dövlətə xidmət, milli maraqlara sədaqət təşkil edir. Xalqın maraqları və dövlətçilik naminə nə qədər çətin və ağır olsa da, bütün maneələri cəsarətlə aradan qaldırır. Prezident seçildiyi ilk vaxtlardan demokratik islahatları dərinləşdirdi, baş verə biləcək böhranlara dayanıqlı və daim inkişaf edəcək iqtisadi islahatların müəllifi oldu, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində nəhəng layihələrə imza atdı, qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü, böyük infrastruktur layihələri həyata keçirdi, ölkənin dünyaya çıxışını təmin etdi”, – Milli Məclisin deputatı bildirib.

S.Möhbalıyev qeyd edib ki, vaxtı ilə utopik görünən beynəlxalq səviyyəli layihələrin reallaşdırılması nəticəsində Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yerə malikdir, Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir: “Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ölkəmizin artan iqtisadi qüdrətinin nümunəsidir. Prezident İlham Əliyevin mütərəqqi, məhsuldar məqsədlərə söykənən siyasi fəaliyyət nəticəsində ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu, işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşdü, 2 milyondan çox yeni iş yeri yaradıldı”.

Konfederasiya sədri deyib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlil edilmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız bir əks-həmlə ilə azad edildi, əyilmiş qamətimiz düzəldi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, dünya Azərbaycanı qüdrətli dövlət kimi yenidə kəşf etdi.

AHİK sədri vurğulayıb ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasi xəttinin nüvəsini təşkil edir.

Onun sözlərinə görə, daha böyük uğurlarımız və nailiyyətlərimiz isə hələ qarşıdadır: “İnanıram ki, bir xalq olaraq bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik”.

Teqlər: