Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində 3-cü yer uğrunda görüşə çıxıb.
Azərbaycan Cüdo Federasiyasından AzerTimes-a verilən məlumata görə, yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə sona yetib. Nəticədə Uşangi Kokauri 5-ci yerlə kifayətlənməli olub.
Digər cüdoçularımız Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə yarışla erkən vidalaşıblar.
Beləliklə, Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirini 1 qızıl və 1 bürünc medalla 4-cü yerdə başa vurublar.
Xatırladaq ki, milli komandamızın üzvlərindən Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olub.
Paris “Böyük dəbilqə”sində 46 ölkədən 283 cüdoçu bacarığını nümayiş etdirib.