Bu il Azərbaycanın Oman və Tailanda səfirləri təyin edilib və onlar artıq fəaliyyətə başlayıblar.
AzerTimes xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki missiyalarının gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub:
“Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub. 2023-cü ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib. Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) səfirliyi təsis edilib. 29 mart 2023-cü il tarixində ölkəmizin İsraildə (Tel-Əviv şəhərində) səfirliyinin açılış mərasimi keçirilib. Bununla yanaşı, Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyətə başlayıb”.
XİN sözçüsü bildirib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 91-ə çatıb.