Azərbaycanın Bolqarıstandakı səfirliyində görüş olub

Bolqarıstan Respublikasının Xalq Məclisinin rəsmi dəvəti əsasında 14 noyabr 2021-ci iltarixində Bolqarıstan Respublikasında prezident və növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə Milli Məclisin üzvləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev və Dostluq Qrupunun üzvü Sabir Hacıyev Bolqarıstana səfər etmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyində görüş baş tutmuşdur. Görüşdə Azərbaycanın Bolqarıstan respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nüseynov, Milli məclisin deputatları Rauf Əliyev, Sabir Hacıyev, Bolqarıstan Xalq Məclisində Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri, BR-in Hüquq və Azadlıq Hərəkatı(DPS) partiyasının sədr müavini Həmid Həmid iştirak etmişdir. Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda bu münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.

Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunmuşdur. Görüş zamanı Avropanın o cümlədən Bolqarıstanın enerli təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” nin istifadəyə verilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Səfər çərçivəsində Milli Məclisin üzvləri Rauf Əliyev və Sabir hacıyev Sofiya şəhərində Vitoşa seçki dairəsinin 20 məntəqəsində, Krasna Polyana seçki dairəsinin 12 məntəqəsində səsvermə prosesini müşahidə etmiş, eləcə də Şumen şəhərində yerləşən 6 məntəqəni və Velinqrad şəhərində 4 məntəqəni müşahidə kameraları vasitəsilə izləmişlər.

Dörd mindən çox müşahidəçinin iştirak etdiyi parlament seçkisini Azərbaycan da daxil olmaqla 10 ölkənin parlamentini təmsil edən beynəlxalq müçahidəçilər izləmişdir. Rauf Əliyev və Sabir Hacıyev tərəfindən aparılmış müşahidələrin nəticəsi BR-in Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və seçkilərin təşkili müsbət qiymətləndirilərək, seçkilər zamanı ciddi qanun pozuntusunun aşkar olunmadığı qeyd olunmuşdur.

Səfər çərçivəsində Milli Məclisin üzvləri seçkilərdə ən çox yer qazanmış “Dəyişiklikləri davam etdiririk” partiyası, həmçinin Hüquq və Azadlıqlar Hərəkatı partiyasının nümayəndələri ilə görüş keçirərək, Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış, Azərbaycanda həyata keçirilən islahatlar, 44 gün davam edən Vətən Müharibəsi və işğaldan azd olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı tikinti-bərpa işləri barədə ətraflı məlumat verilmişdir.

Teqlər: