Xəbər - Alpər Ziya – Trend:
Bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Türkiyədən Bakıya gəldi. 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdilər. Onlar Türkiyə sülhməramlı qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra etdilər. Sülhməramlılarımız BMT və digər beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla, yüzlərlə insanın Kabil hava limanından təhlükəsiz şəkildə çıxarılmasını təmin etdilər. Onların içərisində 100-ə yaxın Fransa vətəndaşı da vardı.
Xidməti vəzifələrindən savayı, azərbaycanlı sülhməramlıların Əfqanıstanda sərgilədiyi insani keyfiyyətləri də xüsusilə diqqət çəkir. Belə ki, sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin Kabil hava limanında əfqanlara su paylaması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb oldu. Bütün dünya Azərbaycan hərbçisinin qayğıkeş obrazına şahidlik etdi.
Bütün bunlar Azərbaycanın qlobal təhlükəsizliyə sadiqliyinin daha bir sübutudur. Ölkəmiz beynəlxalq hüquqa, beynəlxalq təhlükəsizliyə və sülhə öz töhfəsini verməkdə davam edir.
Xatırladaq ki, Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində 20 noyabr 2002-ci il tarixindən fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevral ayında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu il tarixindən etibarən isə Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb. 2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.
Bundan başqa, Azərbaycan sülhməramlıları Kosovo, İraq və Sudanda da sülhməramlı əməliyyatlarda iştirak edib, beynəlxalq sülhə və təhlükəsizliyə öz töhfələrini veriblər.