Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol təqdir olunur – Tamam Cəfərova

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına nüfuzlu dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən 28 May – Respublika Günü münasibətilə təbriklər göndərilib. Təbrik ünvanlayan liderlərin arasında ABŞ, Rusiya, Çin, İran, İtaliya, Hindistan, Almaniya prezidentlərinin, Birləşmiş Krallığın kraliçasının, Yaponiya imperatorunun və başqalarının da olması Azərbaycana olan beynəlxalq diqqətin göstəricisidir. Bu təbriklərdə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol təqdir olunur, habelə dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən dünyada xüsusi nüfuza malik olan Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli fəaliyyətinə yüksək qiymət verilir”.

Bunu AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, həmin təbriklərdə Azərbaycanın beynəlxalq aləmdə artan rolu, iqtisadi inkişafı, enerji təminatında və təhlükəsizliyində müstəsna rolu yüksək qiymətləndirilib. ABŞ Prezidenti Cozef Baydenin məktubunda dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin qeyd olunması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məktubunda “Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır” yazılması, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə fəallığının bildirilməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsinin vurğulanması bir daha Azərbaycanın yalnız regionda deyil, ümumilikdə dünyada çəkisinin və rolunun artmasından xəbər verir”.

COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfəyə diqqət çəkən deputat bildirib ki, ölkəmizin digər ölkələrə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi yardım dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən təqdir olunub.

Deputat bildirib ki, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Respublikasının nüfuzu gündən-günə yüksəlməkdədir. Azərbaycanın Vətən müharibəsində qələbəsi və müharibədən sonra Cənubi Qafqazda sülh və barış, iqtisadi inkişaf siyasəti yüksək qiymətləndirilir. Milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanan Azərbaycanın rolu təkcə regionda deyil, artıq bütün dünyada da artmaqdadır. Azərbaycan Respublikasının nüfuzunun gündən-günə artamasında cənab Prezidentin dünya maştablı siyasi lider kimi şəxsi nüfuzu böyük rol oynayır. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözü ilə əməli həmişə bir olub, obyektiv və bərabərhüquqlu tərəfdaşlıq siyasətini həyata keçirib. “Qarşılıqlı hörmət və etimad əsasında həyata keçirilən siyasət, milli maraqlara sədaqətlilik və prinsipiallıq Prezident İlham Əliyevin dünya miqayasında böyük nüfuza malik siyasi lider kimi qəbul edilməsini təmin etmişdir. Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır. Biz bununla qürur duyur və möhtərəm Prezident İlham Əliyevə uğurlar arzulayırıq”, Tamam Cəfərova belə deyib.

Teqlər: