2022-ci ilin fevral ayında Azərbaycanın beynəlxalq hava
limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
AzerTimes-a bildirilib ki, ümumilikdə, ilin əvvəlindən bütün
aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun
da 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı
hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” 167
min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət
göstərilən sərnişinlərin ümumi payının 38%-ni və 12%-ni təşkil
edir.
2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava
limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan
Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail,
Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına
uçuşlar həyata keçirib.
2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən
hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti
olaraq dayandırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük
daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal
kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından
Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”
beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19
pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5
ulduzlu” reytinqə layiq görülmüşdür.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının
yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda
tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək
qiymətləndirilməsidir.