Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır.
Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin
Azərbaycan prezidenti ilə müxtəlif platformalarda keçirilən
görüşləri ölkənin beynəlxalq nüfuzundan xəbər verir.

Milli Məclisin deputatı Vüqar İskəndərov
AzerTimes-a açıqlamasında
deyib ki, xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən
formalaşmasında artıq dünya dövlətləri də görür ki, Azərbaycan
dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer
almalıdır.

“Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan
üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən
bir daha qeyd olundu ki, Azərbaycan 30 illik müstəqillik yolunda
necə özünü sadiq və inamlı tərəfdaş kimi dünyaya təqdim edə bilib.
Bu gün Azərbaycanın Böyük Britaniya ilə çox sıx və yüksək səviyyədə
münasibətləri var. Dünyanın nəhəng şirkətlərindən BP-nin
Azərbaycandakı fəaliyyəti, işğaldan azad olunmuş ərazilərə
Britaniya şirkətələrinin cəlb olunması bir daha sübut edir ki,
Azərbaycanda investisiya mühiti üçün çox münbit şərait yaradılıb.
Bunun nəticəsidir ki, bu ölkənin şirkətləri artıq azad olunmuş
torpaqlarda fəaliyyətə başlayıb”, – deyə deputat bildirib.

Onun sözləriə görə, xüsusilə enerji sahəsində Avropa ölkələrinin
Azərbaycana üz tutması əlbəttə başadüşüləndir.

“Çünki bu gün Avropanın üzləşdiyi böhran vəziyyəti özünə
alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyətdə də sadiq
tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır.
İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi ilə
telefon görüşünü də buna misal göstərmək olar. Görüşdə enerji
sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi
olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz
təchizatında isə 3-cü yer tutur”, – deyə V.İskəndərov əlavə
edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
Vasif Hüseynov da Trend-ə bildirib ki, Azərbaycanın müstəqil
xarici siyasəti yeritməsi beynəlxalq müstəvidə ölkəmizə qarşı
diqqəti və hörməti artırır.

O qeyd edib ki, bu gün Avropa siyasi məkanında yaranmış gərgin
hərbi-siyasi vəziyyətdə Azərbaycan kimi kiçik əraziyə sahib digər
əksər dövlətlər hansısa hərbi, siyasi, iqtisadi blokun üzvüdür və
buna görə də həmin bloklarda dominantlıq edən dövlətlərin siyasi
kursunu davam etdirmək məcburiyyətindədir.

“Azərbaycan isə bütün bu cür bloklardan uzaq durmağı bacararaq,
ölkəmizin milli maraqlarının tələb etdiyi addımları atmağı
bacarır.

120 dövlətin üzv olduğu və BMT-dən sonra dünyanın ən böyük
ikinci təşkilatı olan Qoşulma Hərəkatına dövlətimizin sədrliyi və
bu təşkilat tərkibində aktiv iştirakı da Azərbaycan xarici
siyasətinin əsas prinsiplərinin və prioritetlərinin ifadəsidir. Bu
mövqe, əlbəttə ki, ilk növbədə dövlətimizin təhlükəsizliyinin
təminatçısıdır, digər tərəfdən isə ona beynəlxalq müstəvidə aktiv
və müstəqil oyunçu kimi fəaliyyət göstərmək imkanı yaradır.

Bunun nəticəsidir ki, Ukrayna müharibəsi başlayan gündən Qərbin
bir neçə nüfuzlu dövlətinin başçısı Azərbaycan Prezidenti ilə
ünsiyyət saxlamış, ona zəng etmiş və ölkəmizin mövqeyi, onun
növbəti addımları, eyni zamanda Avropanın enerji təhlükəsizliyində
oynadığı və bundan sonra oynaya biləcəyi rolu və verdiyi töhfəni
müzakirə etmişlər.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Emma Nikolsonun Azərbaycana səfəri, dövlətin müxtəlif
rəsmi şəxləri ilə görüşləri, bundan əvvəl İtaliya Nazirlər
Şurasının sədri Mario Draqiin Prezident İlham Əliyevə zəngi, Fransa
Prezidentinin, Britaniya Baş nazirinin və s. məktubları və s.
Azərbaycan dövlətinin və Prezidentinin nüfuzu, ölkənin beynəlxalq
arenada yerinin və rolunun yüksəlməsinin əyani göstəricisidir”, –
deyə V.Hüseynov əlavə edib.

Teqlər: