Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün enerji resurslarının ixracında daha geniş şaxələndirilməyə ehtiyac duyulur. Ölkəmiz də məhz bu istiqamətdə çox ciddi nəticələr ortaya qoyub və hazırda Azərbaycanın Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatında rolu getdikcə artmaqdadır. Artıq Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edəcəyimiz 9-cu ölkə olacaq.
Bu sözləri AzerTimes-a Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun əhəmiyyəti barədə danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert sözügedən interkorrektorun Serbiya üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Serbiyanın heç bir okeana çıxışı və limanı olmadığı üçün birbaşa mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkanı da yoxdur. Bütün bunlara görə Serbiya – Bolqarıstan interkonnektoru bu ölkə üçün həyati önəm daşıyır. Əlbəttə, Azərbaycan qazının Serbiyaya ixracı ikitərəfli iqtisadi münasibətlərin dinamikasına da əhəmiyyətli dərəcədə təsir göstərir. Misal üçün deyə bilərəm ki, 2005-ci ildə ölkəmizdən Serbiyaya 300 dollarlıq ixrac həyata keçirilib, ümumi ticarət dövriyəsi isə 39 min dollar olub. Lakin indi bu rəqəm milyon dollarla ölçülür”.
Eldəniz Əmirov ölkəmizin etibarlı tərəfdaş olmasının enerji təhlükəsizliyi məsələsində Azərbaycan qazına ehtiyacı artırdığını qeyd edib:
“Əgər Cənub-Şərqi Asiya ölkələrinin enerji xəritələrinə baxsaq, regionun dünyanın ən təlamütlü bölgələrindən biri olduğunu görə bilərik. Çünki bura uzun müddət Rusiyadan ciddi şəkildə enerji asılılığında olub və indi bu boru kəmərləri sanksiyalara məruz qalıb. Ölkəmizin Avropaya qaz ixracı buradakı ehtiyacın təqribən 4-5 faizini ödəyir. Yaxın gələcəkdə Azərbaycanın Slovakiya, Rumıniya, Şimali Makedoniya, Macarıstan kimi ölkələrin enerji təhlükəsizliyində rolunun artma perspektivləri çox böyükdür. Fikrimcə, qarşıda yeni kəmərin çəkilməsinə ehtiyac yaranacaq. Çünki bütün ölkələr xüsusi əhəmiyyət kəsb etdiyi üçün ehtiyat edəcəyi yox, etibar edəcəyi tərəfdaş axtarır. Dövlətimizin etibarlı tərəfdaş olması isə qaz ehtiyatlarımıza tələbatı artırır”.