Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür – Səttar Möhbalıyev

“Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və
iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar
açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və
müsbət nəticə də ortada var. Bir neçə gün öncə Nazirlər Kabinetinin
2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlandı ki, ötən il
istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji
mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri
hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal
edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon
kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji
mənbələrinin payına düşüb. Statistika göstərir ki, artıq bu sahədə
müsbət dinamika var və yaxın gələcəkdə ölkəmizin enerji
təchizatında alternativ enerji mənbələri mühüm rola malik
olacaq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması
ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi
enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji
təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı
olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli
hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii
potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu
ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına
əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli
günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da,
sözsüz ki, perspektivlidir”, – Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt
gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması
ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir.
Hər iki tədbirədə – təməlqoyma mərasimində bilavasitə dövlətimizin
başçısı cənab İlham Əliyevin iştirak etməsi, layihələrin əhəmiyyəti
barədə nitq söyləməsi onun bu sahəyə dəstəyinin və inkişafına
marağının təzahürüdür. Qaradağ Günəş Elektrik Stansiyasının
təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev
dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla bu sahədə
əməkdaşlıqda maraqlı olmasından bəhs etdi. Xüsusilə qeyd edim ki,
Buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də
əlverişli investisiya mühiti də münbit şərait yaradır. Artıq
Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib.
Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan
artırır”.

S.Möhbalıyev əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyasının
tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə
olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı
kadrların yetişməsində,
karbohidrogen ehtiyatlarına qənaət
olunmasında böyük əhəmiyyət daşıyacaq. Bildirib ki, dəyəri
225 milyon ABŞ dolları olan layihənin illik
500 milyon kVt/saat elektrik enerjisi istehsal
etməsi nəticəsində ölkəmizdə 110 milyon kubmetr
qaza qənaət yaranacaq və 200 min tondan artıq
karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınmış
olacaq, təbii ki, bu da müsbət tendensiyadır.

Teqlər: