AzerTimes “Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) mahalı haqda məlumatı təqdim edir:
Coğrafi mövqeyi və inzibati bölgüsü
Sulduz (Nəqədə) – Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin mahalıdır. Əvvəllər Sulduz kimi tanınan mahalın adı Pəhləvi hakimiyyəti dövründə – 1967-ci ildə dəyişdirilərək “Nəqədə” adlandırılıb. Şəhərin adının burada yaşayan Sulduz türk tayfalarının adından götürüldüyü bildirilir.
Əhalisi, adının etimologiyası, inancı
Sulduz şəhəri 1050.087 kvadrat kilometr sahə ilə Qərbi Azərbaycan əyalətinin ərazisinin 2.67 faizini təşkil edir. Şəhər əyalət mərkəzi olan Urmiya şəhərinin 100 kilometrə cənub və cənub şərqində, Urmiya gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. 2021-ci ilin siyahıyaalmasına görə əhalisi 133.500 nəfərdir. Əhalinin 65 faizi şəhərdə, 28 faizi kənddə, 7 faizi isə köçəri yaşayır. Şəhər Soyuqbulaq (Mahabad), Piranşəhr, Üşnü (Üşnəviyə) və Urmiya ilə əhatə olunub. Şəhər əhalisinin 78 faizi, kənd əhalisinin isə 57 faizi savadlıdır.
Rayonun etnik tərkibi əsasən Azərbaycan türklərindən ibarətdir. Rəsmi statiskalara görə, Sulduz cəmiyyətinin 65 faizdən çoxu azərbaycanlılar, 35 faizi isə kürdlər və başqa etniklərdən ibarətdir.
1979-cu il inqilabından öncə burada təxminən 800 yəhudinin yaşadığı bildirilir. Onlar inqilabdan sonra ölkədən çıxıb, qalan az sayda yəhudi isə digər bölgələrə köçərək kimliklərini gizlətmək məcburiyyətində qalıblar.
Sulduzun cəmiyyətinin önəmli hissəsini Qarapapaq türkləri təşkil edir. Onlar Qacar dinastiyasının erkən vaxtında Qafqazdan Güney Azərbaycana köçürülüb və Sulduz düzənliyində məskunlaşıblar.
Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixinin eramızdan əvvəl 2000-ci ilə aid olduğuna işarə edir. Assuriya, Manna və türk tayfaları burada məskunlaşıblar.
Vladimir Minorski Sulduz şəhərinin adı barədə yazır ki, bura 1304-cü ildə Qazan xan tərəfindən Əmir Çobana verilib. Buna əsasən, Sulduz adının mənşəyinin Əmir Çobanın adından götürüldüyü ehtimalı da var. Bir sıra qaynaqlarda isə Sulduz sözünün bölgədə yerləşən sulaq düzənliklərdən alındığı, “sulu düz” anlamına gəldiyi qeyd edilir. Bununla yanaşı şəhərin başqa adı Nəqədənin isə Nuqaday türklərinin adından götürüldüyü barədə nəzəriyyələr mövcuddur.
Bir sıra arxeoloji qazıntılar və faktlara əsasən, bu şəhərin tarixinin 7000 ilə yaxın olduğu bildirilir. Sulduzun şimal-şərq istiqamətindən 9 kilometr aralıda, Urmiya gölünün 12 kilometr cənub-qərbində yerləşən və 6000 illik tarixi olan Həsənli təpəsi adlı tarixi yer, bölgənin və ümumiyyətlə Güney Azərbaycanın (İranın) çox əhəmiyyətli tarixi məskən və abidələrindən hesab edilir.
Həsənli təpəsində daşdan işlənmiş memarlıq nümunələri, o cümlədən çox sayda məbədlər, qala, bürc və başqa hərbi istehkamlar, dini mərasimlərin keçirilməsi üçün üstü açıq meydançalar, qurbangahlar və başqa tikililərin qalıqları mövcuddur.
Həsənli təpəsindən aşkar edilmiş tarixi tapıntılar arasında “Həsənli” adı verilmiş qızıl cam dünyanın ən əski və əhəmiyyətli tarixi tapıntılarından biri sayılır.
Həsənli təpəsinin şimal ətəyindəki nekropol ərazisində 1947-1948-ci illərdə müstəqil qazıntılar aparılmışdır və M.Rad və A.Hakimi öz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə, Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürüblər. Ona görə də ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.
Həsənli təpəsindən başqa burada tarixi qalıqlarla zəngin olan və qazıntılar aparılan təpələrin içində ən əhəmiyyətlilərindən Hacı Firuz təpəsi, Dəlmə təpə, Piştəli təpə, Nadir təpə, Ağabəyli təpə, Əqrəbli təpə, Ağcüzvə kurqanı və b. adlarını çəkmək olar.
Sulduz şəhəri özünün özəl topoqrafik mövqeyinə görə düzənlikdə yerləşir. Onun əsas dağları budur: Qaradağ (1652), Sultan Yaqub (2149), Baba Həsən dağı, Xərənc, Firəngi dağı, Mehdi xan dağı və s.
Sulduzun iki əsas çayı – Godar və Balıqçı çaylarıdır. Bu çaylar Qərbi Azərbaycanla İraq sərhəddindəki yüksəkliklərdən qaynaqlanıb, axarı boyunca müxtəlif su qollarını özündə birləşdirərək Üşnü (Üşnəviyyə) düzənliyindən keçib Sulduz düzənliyinə daxil olur.
Sulduz mahalında 34940 hektar ərazidə əkin işləri aparılır. Bunun 55.2 faizi dəmyə, 33.3 faizi sulu əkin əraziləridir. Əkin altında olan ərazilərin məhsulunun 28.89 faizi bağ məhsullarıdır. Mahalda əkilib və yetişdirilən məhsullar əsasən noxud, çuğundur, lobya, armud və qozdur.
Mahalda maldarlıq, quşçuluq və arıçılıq geniş şəkildə, balıqçılıq isə qismən yayılıb. Sulduz mahalı Qərbi Azərbaycan əyalətinin bal, qırmızı ət, quş əti və yumurtaya olan ehtiyacının çox hissəsini ödəyir. Sulduz mahalında salınmış göllərdə daha çox Kəpur Amur və Fitufaq balıqları yetişdirilir.
Əl işləri:
Sulduzda əsasən xalça, kilim, həsir, palaz, cecim, keçə və başqa bu kimi əl işləri yayğındır.
Rəsmi statistikaya görə, Sulduz mahalında beş fəal mədən mövcuddur. Bu mədənlərdən istehsal olunanlar əsasən Uniks mərməri, Arvanit mərməri, çini daşı və bəzək daşlarıdır.
Sulduz mahalında çox sayda kiçik fabrik və sex fəaliyyət göstərir.
Bunların çoxu kiçik sexlərdən ibarətdir. Kiçik fabrik və sexlərdə əsasən 5 nəfərdən az işçi məşğuldur. Orta fabrik və sexlərdə işçilərin sayı 6-9 arası, böyük fabrik və zavodlarda isə 50 nəfərdən çoxdur.
Sulduz sənaye şəhərciyi:
Bu şəhərcik Sulduz-Məmmədyar yolunun 5 kilometrəliyində yerləşir və onun ümumi sahəsi 30 hektardır. Burada tekstil, ərzaq malları vahidi fəaliyyət göstərir.
Sulduzda 2 ümumi kitabxana, 2 kinoteatr, iki mədəni məhsullar (kitab, disk, dərgi və s.) satışı ilə məşğul olan mərkəz, 1 muzey, 2 mətbəə mövcuddur.
Sulduzun əsas görməli yerləri aşağıdakılardan ibarətdir:
Sulduz gölü: Sulduz şəhərinin 25 kilometrəliyində yerləşir.
Godar çayı: Bu çay Qərbi Azərbaycanla İraq sərhədindəki yüksəkliklərdən qaynaqlanır. Onun Suduzdan keçən hissəsində bir çox təbii gözəlliklər və istirahət yerləri olduğu üçün bölgəyə gələn turist və qonaqların diqqətini cəlb edir.
Godar dərəsi: Bu dərə Sulduzun şimalında yerləşir və bir çox təbii gözəlliklərə və bulaqlara malikdir. Bura tətil günlərində Sulduz əhalisi və şəhərə gələn qonaqların istirahət yeridir.
Həsənli bəndi: Bu bənd Həsənli (Şorgöl) gölü üzərində qurulub. Təbii gözəlliyinə görə, əhalinin, eləcə də qonaqların dincəlmə və əyləncə məkanıdır.
Məhəmməd Oraz məzarı: Burada Sulduzun Məhəmməd Oraz adlı məşhur alpinisti dəfn olunub. Bura bir çoxlarının, xüsusilə alpinistlərin tez-tez ziyarət etdikləri yer sayılır.
Yeddi göz bulağı: Sulduzun ən məşhur gəzməli yeri və parklarından olan bu məkanda yeddi bulaq var.
Sulduzda mövcud olan tarixi əsər və təbiət abidələrinin 84-ü rəsmi olaraq İran Mədəni irs, Turizm və Əl İşləri Təşkilatı tərəfindən qeydiyyata alınıb.
Sulduz qətliamı:
İranda Pəhləvi hakimiyyətinin devrilməsindən sonra 1979-cu il aprelin 20-də Güney Azərbaycanın Sulduz şəhərində terror aktı baş verib.
Hakimiyyət dəyişikliyindən istifadə edən kürd silahlı qruplaşmalarının Sulduzu Azərbaycan türklərindən təmizləmək cəhdi qətliama səbəb olub.
Kürd silahlıları siyasi partiya adı altında İrandakı çevrilişdən istifadə edərək hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz (Nəqədə) şəhərində toplanmağa başlayırlar.
Onların məqsədi Azərbaycan torpaqlarının içinə nüfuz etmək, yeni torpaqlar qəsb edtmək və “Böyük Kürdüstan” yaratmaq idi. Şəhərdə yaşayan silahsız, dinc Azərbaycan türklərinin hücuma məruz qalması çox böyük itki ilə nəticələnib.
Təxminən 10 gün davam edən silahlı hücum Güney Azərbaycanın başqa bölgələrindən yardıma gedən silahlı şəxslərin və hökumət qüvvələrinin səyi nəticəsində başa çatıb.