Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əlaqələr 1992-ci ildən başlayıb. 2013-cü ildən isə ortaq təlimlərin keçirilməsi, şəxsi heyətin mübadiləsi ilə qazanılan təcrübələrin ötürülməsi, hərbi hissələrə və qərargahlara səfərlər, zabitlərin Türkiyə və Azərbaycanda qısamüddətli fəaliyyət göstərməsi, ortaq hərbi mədəniyyətin formalaşdırılması, koordinasiyanın, nəzarətin təmin edilməsi, təlim-tədris, qarşılıqlı müşavirlik fəaliyyətlərinə daha çox üstünlük verildi.
Bunu AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz Ordumuzun generallarının qardaş ölkəyə son səfərini şərh edərkən deyib.
General Şuşa Bəyannaməsi çərçivəsində hərbi əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb:
“Bütün bunlar fonunda Azərbaycan Ordusunun ikisi korpus komandiri olmaqla, altı generalı Türkiyəyə səfər etdi. Səfər çərçivəsində generallar ilk olaraq terrorla mübarizənin təşkil edildiyi İkinci Ordu Komandanlığı bölgəsinə getdilər və orada əməliyyat mərkəzləri, eyni zamanda postların vəziyyəti ilə tanışlıq oldu. Qonaqlar Malatya, Diyarbəkir, Qaziantepdə görülən işləri müşahidə etdilər, incələdilər. Sonra isə Baş Qərargah və Quru Qoşunları Komandanlığında təcrübə mübadiləsi ilə bağlı koordinasiya həyata keçirildi, generallar ən yüksək səviyyədə müdafiə naziri Yaşar Gülər tərəfindən qəbul edildi. Həyata keçirilən tədbirlər çərçivəsində qonaqlar İstanbulda Birinci Ordu Komandanlığında oldu. Burada Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfi nəzdindəki müdafiə sənayesi şirkətlərinin işi ilə bağlı yerində məlumat aldılar. Eyni zamanda ortaq tarixi mirasımız olan Anadolu mədəniyyəti ilə bağlı tədbirlər də keçirildi. Ümumiyyətlə, qonaqlarımız Türkiyə Silahlı Qüvvələrinin tapşırığı icra etmək imkan və qabiliyyəti, şərtlər, xidmət üsul və metodları haqqında geniş məlumat əldə etdilər. Hazırda ölkələrimiz arasında şəxsi heyətin qarşılıqlı təcrübə mübadiləsi davam etdirilir. Məsələn, Türkiyə Milli Müdafiə Universiteti rektoru altı aydır ki, Azərbaycan Milli Müdafiə Universitetində fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan MMU-dan bir nəfər səlahiyyətli dostumuz da Türkiyə MMU-dadır. Dolayısı ilə bu cür yüksək səviyyəli tədbirlər yuxarıda sadaladığımız sahələrdə əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcək çox müsbət və örnək işlərdir. Əslində Azərbaycan buna yeni başlasa da, Türkiyədən ali rütbəli hərbçilərimiz qardaş ölkədə illərdir ki, sözügedən sahədə təcrübə mübadiləsi çərçivəsində böyük işlər görürlər. Eyni zamanda ölkəmizdəki hərbi akademiyaların nümayəndələri Azərbaycanda yerində müxtəlif araşdırmalar aparır, vəziyyətlə tanış olurlar. Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələr baxımından da bu tədbirlər irəli doğru vacib addımlardır. Belə tədbirlər mütəmadi şəkildə davam etdiriləcək”.
Qeyd edək ki, ötən həftə Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusu Türkiyəyə səfər edib.