“İki il bundan öncə, 2020-ci il mart ayının 10-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə
altıncı çağırış Milli Məclisin ilk iclası keçirilmişdir. O zaman
dövlət başçısı parlamentdə dərin məzmunlu və əhatəli çıxış etmişdi.
Qeyd olunmuşdu ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas
səbəbi islahatları dərinləşdirmək, Milli Məclisin işini
təkmilləşdirməkdir. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı
ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq
qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin
keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.”.
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış
Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi
çıxışında toxunduğu ən vacib məsələlərdən biri də çoxpartiyalılığın
Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı
olub: “Altıncı çağırış Milli Məclis bir çox partiya deputatlarının
təmsil olunduğu məclisdir. Bu da onun nəticəsidir ki, ölkədə həyata
keçirilən siyasi islahatlar öz nəticəsini verib və seçkilərdə bütün
siyasi qüvvələr iştirak ediblər. Ölkə Prezidentinin öz çıxışında
qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın
Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı
məqam vurğulanıb. Dövlət başçısı 2018-ci ilin aprel ayında
keçirilən prezident seçkilərindən sonra ölkədə dərinləşən
islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun
bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki,
islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər
Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur
və kadr dəyişiklikləri həyata keçirilmişdir. Reallıqlar fonunda
təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi
zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən
seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti
formalaşdı. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli
Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil
olunurlar. Bu, çox mühüm məsələdir və bir daha onu göstərir ki,
Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb.
Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq bütün
siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər” .
Millət vəkili bu gün qarşıda duran vacib və aktual məsələlərin
gənc nəslin Vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələrə
hörmət ruhunda tərbiyə olunması ilə bağlı olduğunu vurğulayıb: “Əsl
vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi
yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı
Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi.
Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın canından,
qanından gəlməlidir. “Hər kəs bu Vətənin övladıdır və hər kəs bu
vətənə borcludur” fikri bu gün gəncliyin əsas amalına çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin
ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də bir daha
təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənəprvərlik hissləri
ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə
eynidir. Dövlət başçısı qeyd edib ki, milli-mənəvi və ənənəvi
dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş
olmalıdır. Azərbaycanın əhalisinin əksəriyyəti gənclərdir.
Ölkəmizdə demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin
asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi,
vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində
qanunvericilikdə yeni addımlar atılmalıdır.
“Son illər xalqın ölkədə özünü müxalifət adlandıran və tamamilə
biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan əli tam
üzülüb, onlara heç bir inam qalmayıb. Ona görə də ölkə xaricindəki
məkrli qüvvələr yeni “beşinci kolon”un yaradılmasına çalışırlar.
Hazırkı “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Bu
kolon Azərbaycanda nə çevriliş, nə də “inqilab” edə bilib, xalqın
dəstəyini qazanmayıb, ancaq onlara müntəzəm olaraq verilən pulları
mənimsəyib, beləliklə, öz havadarlarını pis vəziyyətə qoyublar.
Dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi
qüvvə yoxdur ki, Azərbaycana nəyisə diktə etsin, yaxud hansısa
qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər
Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını
davam etdirəcək, belə xam xəyallara düşənlər isə hökmən
uduzacaqlar. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri,
yaxud da sanksiyalarla hədələmək mümkün deyildir” – deyə K.Qafarov
vurğulayıb.