Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı artıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, tərəflər 2021-ci ildə AQTA ilə Rosselxoznadzor arasında əməkdaşlığın yekunlarına dair fikir mübadiləsi aparıb, həmçinin əməkdaşlığın Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıblar.

Bildirilib ki, birgə əməkdaşlığın inkişafı nəticəsində iki ölkə arasında bitkiçilik məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsinə nail olunmuş, bununla da Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı 2020-ci illə müqayisədə 3% artaraq 523,8 min tondan 539,7 min tona çatdırılmışdır. Hazırda Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən çox pomidor və alma ixrac edən ölkələrdən biridir.

Görüşdə təsərrüfatlarda aparılmış 2603 monitorinqin yekun nəticəsi ilə bağlı AQTA-nın Rosselxoznadzora müraciəti əsasında 212 pomidor, 76 alma istehsalı müəssisəsindən Rusiya Federasiyasına məhsul ixracına icazə verildiyi, həmçinin 1 yanvar – 26 dekabr 2021-ci il tarixləri ərzində Rusiya Federasiyasına ümumilikdə 138 117 ton pomidor, 62 319 ton alma məhsulunun ixrac olunduğu diqqətə çatdırılıb.

Ölkə ərazisinə təhlükəli virus və bakteriya mənşəli xəstəliklərin keçməsinin qarşısının alınması istiqamətində əkin-səpin materiallarının idxalı və təsərrüfatlarda ciddi nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran AQTA sədri Qoşqar Təhməzli bitki karantini sahəsində “AQTİS” və FGİS “Argus-Fito” sistemlərinin inteqrasiyasının əhəmiyyətini qeyd edib, həmçinin “Аzərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra baxılması üçün Rusiya Federasiyasına göndərildiyini bildirib.


Q.Təhməzli Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də videomonitorinqlərin aradan qaldırılması və birgə səmərəli fəaliyyətə görə S.Dankvertə öz təşəkkürünü bildirib.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert isə iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 2021-ci ildə “Rosselxoznadzor”un müvafiq qurumu Rusiya Elmlər Akademiyası ilə birgə bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri çərçivəsində təsirli vasitə ola biləcək peyvəndin hazırlanmasına başlayıb və bu peyvəndin tətbiq edilməsi gələcəkdə Azərbaycandan Rusiyaya pomidor ixracının həcminin artmasına şərait yaradacaq.

S.Dankvert qeyd edib ki, cari ildə Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Belə ki, nektarin ixracı 3 dəfə (ötən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı ixracı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud ixracı 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik ixracı 2,8 dəfə (712 tona qarşı 2 min ton) artıb. O cümlədən ölkəmizdən Rusiyaya üzüm ixracı üzrə 44% (6,5 min tona qarşı 9,4 min ton), xurma ixracı üzrə 33% (102,1 min tona qarşı 136,2 min ton), nar ixracı üzrə 24% (12 min tona qarşı 14,9 min ton), kartof ixracı üzrə isə 23% (69 min tona qarşı 85 min ton) artım qeydə alınıb.

Sonda ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Teqlər: