Almaniyanın Aşağı Saksoniya vilayətindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzerTimes-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, adıçəkilən vilayətdə blutanq xəstəliyi qeydə alınıb.
Məlumata görə, ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Almaniyanın Aşağı Saksoniya vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.