Azərbaycanın milli geyimləri uzun və mürəkkəb inkişaf yolu keçən xalqımızın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsidir. Hər bir xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycanın hər bir bölgəsinin özünəxas milli geyimləri var. Bu dəfə 20-ci əsrin əvvəllərinə qədər Azərbaycanın dəb mərkəzi hesab olunan Qarabağ bölgəsinin milli kişi geyimləri haqqında məlumat verəcəyik.
AzerTimes xəbər verir ki, Publika.az tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova ilə həmsöhbət olub.
Azərbaycandan Avropaya uzanan ənənə
Gülzadə Abdulova deyir ki, Azərbaycanda, ümumiyyətlə Türk dünyasında kişi və qadın geyimləri arasında elə də böyük fərq olmayıb: “Miniatürlərə baxsanız yalnız fizianomiyaya görə təyin etmək olar ki, bu kişi və ya qadın geyimidir. Həmçinin daş balballara (daş heykəllərə – red.) baxanda da geyimin quruluşundan onun hansı cinsə məxsus olduğu təyin olunurdu”.
“Dar balaq”, “Gen balaq”, “Taylı tuman”
Müsahibimiz deyir ki, bu gün dəbdə olan avropasayağı geyimlərin bəziləri Avrodan əvvəl bizdə olub: “Məsələn, şalvar. Bu modeli Borçalıdakı azərbaycanlılar 20-ci əsrin əvvəllərinə qədər geyiniblər. Qərbi Azərbaycan, Qarabağ bölgəsi də həmçinin. Sadəcə o vaxt bəzi bölgələr bu şalvarların ayaq hissəsini bir az boğmalayıblar. Həmin dövrdə ona dar balaq şalvar deyirdilər. Biri də var gen balaq, taylı tuman şalvarlar. Taylı tuman bizim indi istifadə etdiyimiz yubka şalvardır. Bu gün bütün dünya onu geyinir. Bunlardan başqa, miyançalı, nifəli, xaşma şalvarlar da istifadə olunurdu.
Gen ətəkli şalvar kişinin statusunu müəyyən edirdi. Belə bir məsəl var:
Qardaşımın çörəyi boldur, arvadı öyünsün,
Şalvarı gen-boldur, özü öyünsün.
Dünyada ilk tikişli, ilgəhli, düyməli geyimləri, şalvarı türklər hazırlayıblar. II minillikdə milli geyimlərimiz artıq mövcud idi. Bütün Qafqaza çuxanı, arxalığı, uzunboğaz çəkməni türklər yayıb”.
“Doqquzlama çığraq çuxa”
G. Abdulovanın sözlərinə görə, çuxanı həm “çerkizka”, həm də “gürcü geyimi” adlandırıblar, halbuki Dədə Qorqud dastanı doqquzlama çığraq çuxa haqqında ən qədim mənbədir: “Niyə doqquzlama çığraq çuxa? Arxadan baxanda onun ətəyinin doqquz hissədən ibarət olduğu görünür. Bundan başqa, atmaqol çuxadan da istifadə olunardı. Çuxa bizim öz dədə-baba milli geyimimizdir.
Kişilər həmişə çuxanın altından boyunduruqlu arxalıq geyinirdilər. Çünki adətən o yun, şal və mahud parçadan tikilirdi. Material yundan olduğuna görə geyinəndə boyunu didirdi, bədəni qıcıqlandırırdı. Ona görə də onun altından mütləq arxalıq geyinirdilər.
Həmçinin o, yapıncın və yaxud da çuxanın boyunu didməməsi üçün boyunduruqlu idi. Arxalıq adətən ipəkdən, kətandan, məxmərdən və çitdən tikilirdi. Arxalıqların iki növü olub: önürlü və önürsüz. Önürlü aşırmalı iki düyməli, önürsüz isə düz yaxalı olurdu”.
“Qazan qapaqsız olar, kişi papaqsız olmaz”
Tarixçi bildirir ki, kişi geyimlərinin ən vacib elementlərindən birincisi papaqdır: “Papaq kişinin şərəfi, namusu və qeyrəti hesab olunurdu. O vaxtlar dəyərdilər ki, “Qazan qapaqsız olar, kişi papaqsız olmaz”. Evdən papaqsız çıxan, başıaçıq gəzən kişiyə yaxşı baxmırdılar. O zaman papaqsız kişi məhkəmədə şahidlik edə bilməzdi. Papaqsız kişiyə qız verməzdilər. Kişinin papağı namus, qeyrət rəmzi sayıldığına görə heç kim cürət edib onun papağını başından götürə və ya yerə sala bilməzdi. Bu, cinayət hesab olunardı və bir şəxsin yox, bütöv bir nəslin təhqir olunması demək idi. Məhz bu xüsusiyyətlərinə görə papaqların içində seyf olardı. Ona bir növ saxlanc yeri də deyirdilər. Bu, Qarabağ papaqları ilə yanaşı Şirvan papaqlarında da olub. Həmin papaqları elə tikirdilər ki, kişilər orada nəyisə gizlədə bilirdilər.
“Yappa”, “Yastı”, “Tərəkəmə”, “Çöllü, “Şələ”, “Çoban papağı”, “Şəbkülah”
Papaqların müxtəlif formaları olub: dəri, qaragül və buxara papaqlar. Bu sadaladıqlarım ən qiymətliləri hesab olunardı. Adətən imkanlı şəxslər onlardan istifadə edirdi. Kasıb təbəqə isə daha çox qoyun dərisindən hazırlanan papaqlar taxardı. Bu papaqları “yappa”, “yastı”, “tərəkəmə”, ” çöllü papağı, “şələ”, “çoban papağı” adlandırırdılar. Onların adı hər bölgəyə uyğun olaraq fərqli idi. Həmçinin keçə papaqlar da mövcud idi. Aşağı təbəqədən olan insanlar onlardan daha çox istifadə edirdi.
Bundan başqa, kişi baş geyimlərində də qadınlarda olduğu kimi tərçəngdən, təsəkdən və tərlikdən istifadə olunurdu. Həmçinin şəbkülahdan istifadə edərdilər, yəni gecə papağından. Ən çox imkanlı təbəqə yatanda başına şəbkülah qoyardı. Hətta kişinin başı gecə yatanda da açıq olmamalı idi”.
“Şaçaqlı yapıncı”, “Döymə yapıncı”, “Eşmə yapıncı”
Gülzadə Abdulova kişi geyimlərinin ən geniş yayılmış növ olan yapıncıdan da danışıb: “Bu, Türk dünyasına məxsus geyimdir. Hətta yapıncını bizdən müxtəlif xalqlar götürərək istifadə edib. Onun da iki növü olub: sadə və saçaqlı yapıncı. Saçaqlı yapıncılar xüsusi üsulla hazırlanırdı. Qoyunun yunu saçaqlı şəkildə yapıncının üzərində qalırdı. Sadə yapıncını isə əllə eşərək və ya ayaqla döyərək düzəldirdilər. Yapıncı yayda istidən, qışda isə soyuqdan qoruyardı. Hətta insanı ildırımdan belə qoruya bilirdi.
“Hərbi kəmər”, “Törfili kəmər”, “Yığma kəmər”
Kəmərlərə gəlincə, Azərbaycan milli kişi kəmərlərinin bir neçə növü var: hərbi, törfili, yığma və sallama kəmərlər. Onların hər birinin ayrı-ayrılıqda öz mənası var. Məsələn, hərbi kəmərdə hər sallanan ətək hərbçinin neçə zəfərli döyüşdə iştirak etdiyini və statusunu bildirir”.