228 Rusiya vətəndaşından ibarət daha bir qrup Azərbaycandan Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Qazmalar” beynəlxalq gömrük keçid məntəqəsindən ölkəsinə qayıdıb.
AzerTimes-ın məlumatına görə, bunu “TASS”a Dağıstanın milli siyasət və dini işlər naziri Enrik Muslimov deyib.
E.Muslimov bildirib: “Bu gün ölkəmizin 228 vətəndaşından ibarət bir qrup Azərbaycandan qayıdıb. Koronavirus pandemiyası səbəbindən [soydaşlarımız – red.] qonşu respublikada qalmaq məcburiyyətində qalmışdı. Onlar mütəxəssislər tərəfindən yoxlanılıb və “Rospotrebnadzor”un tövsiyə olunan bütün tədbirləri görülüb”.
Onun sözlərinə görə, Azərbaycandan qayıdan 228 rusiyalıdan 15 nəfəri Dağıstan sakinidir, qalan vətəndaşlar ölkənin digər bölgələrinə yollanıblar.
Xatırladaq ki, Rusiya vətəndaşlarından ibarət daha əvvəlki qrup Azərbaycandan Dağıstandakı sərhəd vasitəsilə mayın 18-i ölkəsinə qayıdıb.