Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Sensasion etiraf

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Sensasion etiraf

Bir müddət öncə tarixçi alim Məhərrəm Göyüşoğlu Qazaxın bir neçə kəndinin anklava çevrilməsinin səbəbləri haqda yazmışdı. O bildirmişdi ki, 1983-də ermənilər Qazax rayonu ərazisindən torpaq qoparmaq sevdasına düşürlər, böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər ermənilərə peşkəş edilir. Ümumi ərazi isə 3000 hektardan çox idi.

AzerTimes xəbər verir ki, alim həmin hadisələri təsvir də etmişdi. Belə ki, yerli əhali torpağının alınmasına qarşı ciddi müqavimət göstərir, əraziyə gələnlərə fiziki güc tətbiq edirmiş. Məhayət Qazaxa o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Kamran Bağırov gəlir və əhalini dilə tutaraq, torpaqların ermənilərə verilməsinə razi salır:

“Sonra Bala Cəfərli kəndinin ərazisində erməni restoranında Dəmirçiyanla oturub imzalayıblar torpaqların verilməsini, yemək yeyiblər. Deyilənə görə, həmin görüşdə Dəmirçiyan Bağırovun bahalı saatını da oğurlayıb”.

1983-cü ildən başlayan və uzun müddət davam edən bu hadisələrlə bağlı daha müfəssəl məlumatı 1980-ci illərdə Noyemberyan (Barana) polis idarəsinin, 1989-cu ildən Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsi İdarəsinin rəisi olmuş polkovnik Paykar Qalumyan açıqlayıb.

Erməni mediasına açıqlamasında o bildirib ki, həmin ərazidə “delimitasiya və demarkasiya işləri” 1985-ci ilin fevralından 1987-ci ilin oktyabrına qədər (Heydər Əliyev Sov İKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırılan kimi – red.) Sovet İttifaqı hökumətinin qərarı ilə yaradılmış 3 komissiya vasitəsilə aparılıb:

“Təxminən 2 il 8 aya yaxın metr-metr sərhəddi, sərhəddi çəkdilər. Noyemberyan ərazisində mən və MTN rəhbəri bir saat yarım hadisə yerində olduq və sərhədin necə çəkildiyini gördük. Azərbaycanın “müxtəlif illərdə, müxtəlif üsullarla əlimizdən aldığı” 14 min 450 hektar torpağı geri qaytardıq”.

Onun sözlərinə görə, 1988-ci il 12 yanvarda bununla bağlı protokol imzalanıb.

Əslində bu, sensasion etirafdır. Belə bəlli olur ki, Kamran Bağırov kimi zəif iradəli bir şəxsin Azərbaycan KP MK-nın rəhbəri təyin olunmasının ardınca Ermənistan “torpaqqopaqma siyasəti”ni davam etdirib və təkcə Qazax istiqamətində 14 min 450 hektar ərazini mənimsəyərək, bunu “rəsmiləşdirib”.

Teqlər: