Azərbaycandakı sənaye zonalarına indiyədək 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın
əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından
əlverişli mexanizmdir.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin
açıqlamasında deyilir.

İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə
başlayıb. Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,4
mlrd. manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş
yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye
zonalarına əlavə 400 mln. manatdan çox investisiyanın yatırılması
və 3200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət
göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul
satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac
olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni
dövrünə nisbətən 76%, ixracı isə 138% artıb.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 mlrd. manatlıq
məhsul istehsal edilib ki, bunun 2 mlrd. manatı (təqribən 32%-i)
ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox
ölkəsinə ixrac edilib.

Teqlər: