Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentini qərəzli qətnaməsini ləğv etməyə çağırıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentində
qəbul edilən “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında”
adlı qərəzli qətnamə ilə bağlı birgə bəyanat yayıblar.

AzerTimes-ın məlumatına görə,
bəyanatda deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav,
alban-udi və yəhudi konfessiyalarının rəhbərləri dindarlarımızın
arzu və iradəsini ifadə edərək, 2022-ci ilin martın 10-da Avropa
Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnaməsinin
qəbul edilməsi ilə bağlı Birgə Bəyanatla çıxış edərək dərin
narahatlığımızı bildirir, göstərilən sənədin ikili standartlara və
islamofobiya meyllərinə məruz qalan və ermənipərəst siyasəti
müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndiririk. Birmənalı
şəkildə bildiririk ki, qətnamə mətnində yer almış fikirlər yanlış
və böhtan xarakteri daşıyır və tamamilə qəbuledilməzdir.

Nəinki Avropa Parlament nümayəndələri, bütün dünya bilməlidir
ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda
və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o
cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq
şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun
kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən
tarixi-dini abidə kimi qorunur. Bununla belə, Azərbaycanın 30 ilə
yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər,
qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb
talan edilib, qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri
və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə
çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq
bütün İslam dünyasına həqarət olunub.

Biz, Azərbaycandakı müxtəlif etnik və dini icmaların
nümayəndələri Qarabağ torpaqları azad edildikdən sonra həmin
ərazilərə səfərlərimiz zamanı orada Ermənistan tərəfindən tarixi,
və mədəni abidələrə, xüsusən müsəlman məscidlərinə və mövcud olmuş
infrastruktura Ermənistan tərəfindən törədilmiş vandalizmin, qədim
alban xristian və pravoslav kilsələrinə qarşı qriqorianlaşdırma
siyasətinin həyata keçirildiyinin canlı şahidləriyik.

Sizə yaxşı məlumdur ki, Ermənistan 30 ilə yaxın müddət ərzində
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Cenevrə
Konvensiyası, Helsinki Yekun Aktının əsas müddəalarını kobud
şəkildə pozaraq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış
ərazisinin 20%-ni hərbi işğala məruz qoymuş, bir milyondan artıq
azərbaycanlı Ermənistandakı və Qarabağdakı doğma ocaqlarından
didərgin düşərək qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur
olmuşlar.

Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini,
İrəvan məscidləri olan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və
digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini
tamamilə dağıdıb, İrəvanın mərkəzində yeganə salamat qalan “Göy
məscidi”nin orada “baş verən” yanğından sonra memarlıq
xüsusiyyətlərini qəsdən dəyişdirmişdir. Azərbaycanlılara məxsus
mədəni-mənəvi irsin dağıdılması ilə bərabər Ermənistan, Şuşadakı
“Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim
alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək
qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv
etmişdir.

Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi
bütövlüyünü bərpa etdikdən sonra erməni tərəfi bütün dünyaya
aşılamağa çalışır ki, guya onlar Azərbaycan tərəfindən təcavüzə
məruz qalmışlar. Əslində isə, keçmiş Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ konflikti qonşu ölkənin ərazisini işğal etmək məqsədilə
Ermənistan tərəfindən başlanmış və onlar bu münaqişənin müsəlman –
xristian qarşıdurması olması barədə həqiqətə uyğun olmayan yalanlar
yayaraq, özlərini məzlum xalq kimi təqdim edir, bununla da xristian
aləminin təəssübkeşliyini qazanmağa çalışır. Təəssüf ki, öz işğalçı
niyyətlərini, özgə torpaqlarına ərazi iddialarını ört-basdır etmək
üçün erməni təbliğatı müxtəlif vasitələrdən, o cümlədən dini
amildən də fəal surətdə istifadə etməkdədir.

Buna görə də biz, Zati-Müqəddəsləri Roma Papası Fransisk,
Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill, digər
dini liderlərə və beynəlxalq təsisatlara müraciət edərək din
xadimlərindən ibarət nümayəndə heyətlərini işğaldan azad olunmuş
torpaqlarımızda erməni vandalizminin dəhşətli nəticələrini öz
gözləri ilə görmək məqsədilə Azərbaycana səfərə dəvət etmişik.

Erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət
abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları,
məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar
və qəbiristanlıqlar məhv edilmiş və talan olunmuşdur. Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda
olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılmış, 3-ü isə acınacaqlı
vəziyyətdədir. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati
mərkəzləri xarabalıqlara çevrilmişdir. Hazırda işğaldan azad
olunmuş ərazilərimizə səfər edən xarici müşahidəçilər bu
məntəqələri “ruhlar şəhəri” və ya “Azərbaycanın Xirosiması”
adlandırmışlar.

İşğalçı Ermənistan dövlətin vandalizm aktlarının əsas məqsədi
“böyük Ermənistan” xülyası ilə azərbaycanlıların əzəli
torpaqlarında həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı
məhv etmək olmuşdur.

İndiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan
cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət
daşımalı və Avropa Parlamentinin qərəzli qətnaməsində qeyd edildiyi
kimi cəzalandırılmalıdır. Ermənistanın xalqımıza məxsus abidələri
dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin
qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin
mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya
mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il
Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən
Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və
saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət
kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı
təcavüzdür və Avropa Parlamenti tərəfindən qətiyyətlə
pislənməlidir.

Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən 1992-ci ildə
Azərbaycanın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl
olmaqla 613 nəfər günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi, o
cümlədən 8 ailənin tamamilə məhv edildiyi, bu şəhərin yerlə-yeksan
olduğu soyqırımına avropalı parlamentarilər hüquqi qiymət vermək
haqda düşünmürlər və bu genosidin günahkarları hələ də mühakimə
olunmayıblar və onların bəziləri, hətta Ermənistanda rəhbər
vəzifələrdə olmuş şəxslər, bu dəhşətli cinayətdə iştirak etdikləri
ilə qürur duyduqlarını bildirirlər. Buna görə də, erməni
hərbi-siyasi rəhbərliyi “Yeni torpaqlar naminə yeni müharibələr”,
“Qarabağ Ermənistandır” deyərək öz xalqını işğalçılığa
sürükləyəndə, II Dünya müharibəsi zamanı alman faşistləri ilə sıx
əməkdaşlıq edən, erməni rassist hərəkatı olan “tsexakron”
ideologiyasının banisi Njde-Qareqin Ter Arutunyanın xatirəsini
əbədiləşdirərək ona İrəvanda heykəl ucaldılan zaman Avropa
Parlamenti öz səsini ucaltmadı və Ermənistan rejimi öz qəsbkarlıq
əməllərinə dəstək almış oldu və indi də Azərbaycana qarşı öz
təxribatlarını davam etdirərək revanşizm şüarları ilə çıxış
etməkdədir.

1982-ci ildə ABŞ Dövlət departamentinin aylıq bülletenində ilk
dəfə “erməni terrorizmi” ifadəsi rəsmi ifadə olunmuşdur. Sırf
nasist-terrorçu mənəviyyatına əsaslanan “Armenakan”, “QNÇAK”,
“Daşnaksutun”, “ASOA”, “ASALA” və digər bu kimi erməni terror
təşkilatları dünyanın müxtəlif bölgələrində, o cümlədən bir sıra
Avropa ölkələrində təşkilatlanaraq Azərbaycan və Türkiyəyə qarşı öz
məkrli zorakılıq siyasətlərindən əl çəkmirlər.

Mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda mövcud olan
tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların milli kimliyini,
mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm
etdirən müqəddəs məkanlardır. Bu irs nümunələri daim Azərbaycan
dövləti tərəfindən qayğı ilə qorunur, məscidlərimiz, kilsələrimiz
və sinaqoqlarımız təmir edilir, yeniləri inşa olunur. Multikultural
ənənələrə sadiq olan Azərbaycan dövləti bu siyasəti prioritet
istiqamət kimi dəyərləndirir və nəinki Azərbaycanda, hətta dünyanın
müxtəlif bölgələrində, Vatikanda “katakombaların”, Fransada Roma
kilsələrinin, Strasburqda qədim “vitrjların”, Serbiyada tarixi
abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr
vermişdir.

Bunun müqabilində erməni yalanına uyan beynəlxalq qurum – Avropa
Parlamenti qərəzli anti-Azərbaycan qətnaməsini qəbul edir və
ölkəmizi “erməni mədəni irsini məhv etməkdə” günahlandıraraq
cəzalandırmağa çağırır.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa
Parlamentində “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi
haqqında” adlı qərəzli qətnamənin lehinə səs vermiş 635
parlamentarilərə öz narazılığımızı və bu hadisəni təəssüflə
qarşıladığımızı bildiririk. Bu kimi yanaşmalar Avropa Parlamentinin
ikili standartlara əsaslanaraq birtərəfli ermənipərəst mövqeyə
malik olması qənaətini yaradır. Biz, Azərbaycanda erməni
qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə
azərbaycanlılara və burada yaşayan digər millətlərin
nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi
irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti
yanlışdan seçərək ədalətin yanında olmağa və bu qərəzli qətnaməni
ləğv etməyə çağırırıq”.

Birgə bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ
Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı
Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski
imzalayıblar.

Teqlər: