FAO ilə əməkdaşlıq çərçivəsində ilk dəfə Azərbaycanda karantin
əhəmiyyətli zərərvericilərin atlası nəşr edilib.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam
Kərimov “Bitki Sağlamlığı Forumu”da çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ilk dəfə olaraq Kənd Təsərrüfatı
Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət
Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasının tədrisi həyata
keçirilir.
“Bu ixtisas üzrə yeni kurrikulumla beynəlxalq standartlara uyğun
kadr hazırlığı aparılır. Fermerlər arasında maarifləndirmə işinin
aparılması, onların təlimlərə cəlb olunması nazirliyin
fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları
fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə
tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim
stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və
zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini
vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ
sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış
miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti
barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Pilot layihə
çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan
məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə
SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında
mübarizə tədbirləri aparmasını mümkün edir “, deyə o bildirib.