Azərbaycanda yaşı 70-dən yuxarı vətəndaşların sayı açıqlanıb

“Sosial xidmət haqqında” Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ahıllara qayğı və ehtiram ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim diqqət və qayğı göstərilib və həmin insanların qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanmasını təmin edib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da gücləndirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət Proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib.

Əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır. Ötən dövrdə ölkəmizdə pensiyaların dəfərlərlə artırılması təmin olunub. Xüsusilə 2019-cu ildəki inqilabi sosial islahatlar nəticəsində minimum pensiya da 72,4 faiz, yaşa görə müavinət 80 faizə yaxın artırılıb. Təkcə son üç ildə orta aylıq pensiyalarda 60 faiz artım, pensiya istiqaməti üzrə ödənişlərə ayrılan illik maliyyə vəsaitində 50 faizə yaxın artım özünü göstərib. Pensiya təminatı sistemində son illərdə hümanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi də Hökumətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə dəstək üçün müxtəlif tədbirlər, proqramları həyata keçirilir.


Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hər il 9 May – Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilir və son illərdə bu maddi yardımın məbləği 3 dəfə artırılaraq 500-dən 1500-ə çatdırılıb, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 4 dəfəyə yaxın artırılaraq 200 manatdan 750 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunub.

Son illərdə Nazirliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də müasir yaşayış şərait yaradılıb, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunub. Heydər Əliyev Fondu tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinə daim diqqət və qayğı göstərilir, ahılların vaxtaşırı tibbi müayinələri təşkil olunur, ahıllarla görüşlər, onlarla bağlı layihələr həyata keçirilir.

Həmçinin pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində, 1000-dən çox şəxsə sosial xidmət müəssisələrində sosial xidmətlər göstərildi. Hazırda Nazirliyin tabeliyindəki Sosial Xidmət Agentliyi tərəfindən bütün tənha ahıl və əlilliyi olan şəxslər evlərində zəruri sosial-məişət xidmətləri ilə təmin edilirlər.

Teqlər: