Azərbaycanda xüsusi təyinatlı texnika üçün mühərrik yağı istehsal olunacaq

Xəbər - Sədrəddin Ağcayev – Trend

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş dizel mühərrik yağının müntəzəm istehsalı planlaşdırılır.

Trend bu barədə AMEA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, müasir xüsusi təyinatlı texnikanın mühərriklərində işlədilən sürtkü yağları yüksək istismar xüsusiyyətləri tələb edir:

“Bu səbəbdən Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq onlara müraciət edib. İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 İXP-3-Uİ dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını hazırlayıb”.

AMEA-dan bildiriblər ki, Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilib. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçirilib.

Twitter: agdzhaev

Teqlər: